“Azərenerji” ATSC 2022-ci il üzrə maliyyə hesabatlarının nəticələrini açıqlayıb.
FED.az şirkətin hesabatına istinadən xəbər verir ki, dövlət şirkəti ötən il enerji satışından 1 milyard 840,5 milyon manat gəlir əldə edib. Bu da 2021-ci illə müqayisədə 559,6 milyon manat, başqa sözlə 43,7% çoxdur.
Elektrik şəbəkəsinə qoşulma və digər satış gəlirləri təxminəm 7 milyon manata yaxın olub. Lakin illik müqayisədə 1,8 milyon manat, yaxud 20,8% azalma baş verib.
Dövlət şirkətinin cəmi gəlirləri 1 milyard 851,7 milyon manat olub. Son bir ildə cəmi gəlirlə 531,3 milyon manatdan çox, və ya 40,2% artıb.
Cəmi əməliyyatlar üçün ümumilikdə 1 milyard 400 milyon manat xərc çəkilib. Bu xərclər də son bir ildə 210,2 milyon manatdan çox,başqa sözlə 17,7% artıb.
“Azərenerji” ATSC 2022-ci ildə 451,7 milyon manata yaxın əməliyyat mənfəəti əldə edib ki, bu da 2021-ci illə müqayisədə 321,1 milyon manat, yaxud 3,5 dəfə çoxdur.
İl üzrə xalis mənfəət də 98,4 milyon manat mənfəət vergisi ödənişindən sonra 289,3 milyon manat, başqa sözlə 3 dəfə artaraq 436,5 milyon manat təşkil edib.
Dövlət şirkəti il üzrə 445,6 milyon manat məcmu gəlir əldə edib. 2021-ci illə müqayisədə məcmu gəlirlər 375,6 milyon manat, yəni 3 dəfədən çox artıb.
“Azərenerji” ATSC 2022-ci il üzrə aktivləri 4 milyard 522,5 milyon manat olub. Aktivlər son bir ildə 374,7 milyon manat (9%) artıb.
Aktivlərin 3 milyard 763,4 milyon manatını uzunmüddətli, 759,1 milyon manatını qısamüddətli aktivlər təşkil edib.
Dövlət şirkətinin öhdəlikləri 290,3 milyon manat, 11,6% azalaraq 2 milyard 213 milyon manat olub.
Kapitalın həcmi isə 2 milyard 309,5 milyon manat olub. Bu göstərici illik müqayisədə təqribən 665 milyon manat (40,4%) artıb.
Nizamnamə kapitalı dəyişməyərək 1 milyard 760 milyon 495 min manat olaraq qalıb.
Əlavə ödənilmiş kapitalın həcmi 2 milyard 711,7 milyon manat olub.
Şirkət yığılmış zərərlərini 436,5 milyon manat (16,8%) azaldaraq 2 milyard 164 milyon 739 min manata endirib.