"Azər Maya İstehsal" QSC 2024-cü il üzrə maliyyə vəziyyətini açıqlayıb.
FED.az xəbər verir ki, hesabat ilində şirkətin gəlirlər artıb, inzibati xərclər kəskin azalıb.
Şirkətin əsas əməliyyat gəlirləri 7,2 milyon manata çataraq, ötən ilə nisbətən 341,2 min manat (5,0%) artıb. Satışın maya dəyərindəki artım isə daha yavaş templə (4,0%) baş verib. Nəticədə şirkətin ümumi mənfəəti 97,4 min manat (13,5%) artımla 819,1 min manata yüksəlib.
Şirkət inzibati xərclərini 34 min manata endirərək, il ərzində 150,8 min manat və ya 5,4 dəfə azaltmağa nail olub.
QSC-nin əməliyyat mənfəəti 793,2 min manata yüksəlib ki, bu da illik müqayisədə 240min manat (43,4%) artım deməkdir.
Daşınmaz əmlakın icarəsindən gəlirlər 8,1 min manata enərək 8,1 min manat (50,0%) azalıb.
Məzənnə fərqindən yaranan gəlirlər də eyni zamanda 4,1 min manata bərabər olub ki, bu da illik müqayisədə 16 min manat (4,9 dəfə) azalma deməkdir..
Şirkətin gəlirdən çıxılan vergiləri 19,3 min manat, mənfəətin artması ilə əlaqədar ödədiyi mənfəət vergisi isə 162,4 min manat təşkil edib.
Bütün bu gəlir və xərclərin yekununda, şirkətin vergitutmadan əvvəlki mənfəəti 778,0 min manata bərabər olub. Bu mənfəət illik müqayisə ilə 223,2 min manat (40,2%) artıb.
Nəticədə, “Azər Maya İstehsal” QSC 2024-cü ili 615,6 min manat xalis mənfəətlə başa vurub. Bu, ötən ilin 406,9 min manatlıq nəticəsindən 208,7 min manat və ya 51,3% çoxdur.
Şirkətin 8,1 milyon manat cəmi aktivlərə malik olub. Aktivlər son bir il ərzində 553,8 min manat (6,4%) azalıb.
Hesabatın ən müsbət dəyişikliyi şirkətin pul vəsaitlərində baş verib. Şirkətin nağd pul ehtiyatları 1 milyon 436 min manata yüksəlib. Bu, ötən ilin göstəricisi ilə müqayisədə 689,1 min manat və ya 92,2% artım deməkdir.
Bununla yanaşı, əsas vəsaitlər 1 milyon 774 min manata çataraq 400,3 min manat (29,1%), qısamüddətli debitor borcları isə 651,7 min manata yüksələrək 50,2 min manat (8,3%) artıb.
Bundan başqa uçota alınmış investisiyaların (850,1 min manat) tamamilə silinməsi, ehtiyatların 342,7 min manat (23,6%) və digər aktivlərin 493,4 min manat (14,3%) azalıb.
Hesabat ilində "Azər Maya İstehsal"ın cəmi öhdəlikləri 5 milyon 743 min manata bərabər olub. İl ərzində öhdəliklər 762,4 min manat (11,7%) azalıb.
Bu azalmanın arxasında həm uzunmüddətli öhdəliklərin 4,4 milyon manata enərək 300 manat (6,3%), həm də qısamüddətli öhdəliklərin 1,3 milyon manata enərək 462,4 min manat (26,3%) azalması dayanıb.
Xüsusilə, qısamüddətli faiz xərcləri yaradan öhdəliklər 980,3 min manata bərabər olub. Bu öhdəliklərdə 468,5 min manat (32,3%) azalma qeydə alınıb. Alınmış avanslar isə 126,4 min manat (10,5 dəfə) azalma ilə 17,3 min manata düşüb. Yeganə artım isə qısamüddətli kreditor borclarında baş verib; bu borclar 251 min manata bərabər olub. İl ərzində 155,4 min manat (2,6 dəfə) artım qeydə alınıb.
Cəmi kapital 2 milyon 377 min manata yüksələrək, il ərzində 208,7 min manat (9,6%) artıb.
Hesabat dövrünün bölüşdürülməmiş mənfəəti 615,6 min manata bərabər olub. Bu da illi 208,7 min manat (51,3%) artımdır. Şirkətin nizamnamə kapitalı isə 1 milyon 761 min manat səviyyəsində dəyişməz qalıb.