Gürcüstanın Rusiya ilə yeganə işlək quru gömrük-keçid məntəqəsinin bütün işçiləri təxliyə edilib.
FED.az xəbər verir ki, məlumatı Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) yayıb. Bildirilib ki, yerli vaxtla 08:36-da Devdorakidə yerləşdirilmiş detektor çay yatağında suyun səviyyəsinin artmasına dair xəbərdarlıq siqnalı göndərib. Bundan sonra protokola əsasən Dəryal gömrük keçid məntəqəsindəki bütün patrul polisləri, gömrük əməkdaşları, sərhəd polisi və özəl şirkətin əməkdaşları təhlükəsiz yerə təxliyə ediliblər. Ətraf Mühitin Mühafizəsi üzrə Milli Agentliyin əməkdaşları və geoloqlar sərhəd polisinə məxsus helikopterlə əraziyə yola düşüblər. Bundan başqa, Qveleti yaxınlığında magistral yol bağlanıb. Hər iki istiqamətdə nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırıldığı bildirilib. (Apa)