Bu il Qazax fermerləri çiyələk yetişdirməyi də qərara almışlar. FED.az xəbər verir ki, onlardan biri Çaylı kəndinin sakini Nüsrət Aşırovdur.
O, söhbət zamanı dedi ki, çiyələk istehlakçıların ən çox maraq göstərdikləri giləmeyvələrdəndir. Bunu nəzərə alaraq cari ildə 4 hektar sahədə çiyələk yetişdirməyi qərara alıb. Bu məqsədlə çiyələyin yetişdirilməsi təcrübəsini öyrənmiş, kənd ərazisində məhsuldarlığı yüksək, saxlama müddəti çox olan "Albion” sortlu çiyələk şitilləri əkmişdir. Hazırda həmin şitillər sellofan altındadır və onlara aqrotexniki qaydalarla qulluq edilir.
N.Aşırov onu da qeyd etdi ki, çiyələk əkilən sahələrdə işlər ilboyu aparılır. Torpaq əkinə hazırlanaraq üzvi gübrə verilir. Suvarma damcı üsulu ilə aparılır. Belədə həm suya qənaət edilir, həm də su bitkilər arasında bərabər paylanır, torpaq qaysaqlamır, alaq otlarının inkişafı dayanır. Zərərvericilərə və xəstəliklərə qarşı mübarizə də vaxtında aparılmalıdır. Məhsul yığımına mart ayında başlanacaq. Bu il məhsul bol olsa, gələn il əkin sahələrini 3 hektar da artırmağı qarşısına məqsəd qoyub.
Eləcə də bax: İstixanada orqanik pomidor yetişdirilir
© "Azərbaycan"