Japan Tobacco International (JTI) şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi ölkədə əhalinin içməli su ilə təminatı sahəsində daha bir layihə həyata keçirilib. Sayca onuncu yubiley layihə Tovuz rayonunun Məşədilər kəndində Mili Qeyri-Hökumət Təşkilatları Forumu (MQF) və Tovuz rayon icra hakimiyyəti ilə birlikdə həyata keçirilib.
Açılış mərasimində çıxış edən Tovuz rayon icra hakimiyyətinin nümayəndəsi Niftalı Qasımov layihənin icrasında maliyyə dəstəyi göstərilməsinə, xüsusilə də belə bir layihənin sərhədyanı Tovuz rayonunda icra edilməsinə görə JTI şirkətinə öz minnətdarlığını bildirdi. Milli QHT Forumunun Şəmkir Regional Mərkəzinin rəhbəri Fuad Bədəlov və layihə əlaqələndiricisi Günel İbrahim layihə haqqında məlumat verərək, kənd sakinlərini təmiz içməli su təminatı münasibətilə təbrik etdilər.
JTI şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin meneceri Əli Verdiyev layihənin uğurla icra edildiyini qeyd edərək, belə layihələrin insanların həyat şəraiti və rifahının yaxşılaşdırılmasında mühüm rol oynadığını, buna görə də şirkət üçün prioritet olduğunu bildirdi. O qeyd etdi ki, JTI şirkəti təmiz içməli suya ehtiyacı olan digər ərazilərdə də belə layihələrin icrasına davam edəcək. Daha sonra su təchizatı qurğusu yerli əhalinin istifadəsinə verildi.
İçməli su layihəsi MQF tərəfindən icra edilmişdir və Məşədilər və ətraf kəndlərdə 7000-ə yaxın insanı təmiz su ilə davamlı təmin edəcək. Təxminən dörd ay davam edən işlər nəticəsində sub-artezian quyusu qazılmış, müvafiq borular və bir neçə tonluq çən quraşdırılmışdır. İndiyədək JTI şirkətinin maliyyə dəstəyi ilə Şəki, Kürdəmir, Balakən, Lerik, Yardımlı, Şamaxı, Salyan, Ağdam və Ağcabədi rayonlarında da su təchizatı layihələri həyata keçirilmişdir. Bu layihələrin icrası nəticəsində 40,000-ə yaxın insan təmiz içməli su ilə təmin edilib.
JTI şirkəti Azərbaycanda yubiley su təchizatı layihəsini həyata keçirdi
16:35
22 Okt 2018