Rusiya qazının 60 ilə yaxındır ki, ixrac olunduğu Avropa qaz bazarına yolu 2027-ci ildə bağlanacaq.
FED.az xəbər verir ki, Avropa İttifaqının (Aİ) qurumları 2027-ci ilin payızına qədər Rusiyadan təbii qaz və mayeləşdirilmiş təbii qazın (LNG) idxalını mərhələli şəkildə dayandırmaq barədə razılığa gəliblər.
Avropa İttifaqı Rusiyadan təbii qaz idxalına son qoyulması planı ilə bağlı Avropa İttifaqına üzv dövlətlərlə Avropa Parlamentinin (AP) nümayəndələri arasında aparılan danışıqlarda razılığın əldə edildiyini açıqlayıb.
Açıqlamada bildirilib ki, Avropa Rusiya enerjisindən asılılığa son qoymaq üçün ayrıca yol xəritəsi, yəni Tədbirlər Planı hazırlayıb. Bu plana əsasən 2026-cı ilin sonuna qədər Rusiyadan LNG idxalının, 2027-ci ilin payızına qədər isə boru kəməri qazı idxalı qadağan ediləcək.
AB Komissiyasının sədri Ursula von der Leyen də Brüsseldə keçirilən mətbuat konfransında bildirib ki, elə indi də Avropa Rusiya qazından əvvəlki kimi asılı deyil. Belə ki, hazırda Aaropa İttifaqının qaz təminatında Rusiyadan asılılıq LNG qazında və boru ilə gələn təbii qazda 45%-dən 13%-ə, kömür idxalında 51%-dən sıfıra, xam neft idxalında isə 26%-dən 2%-ə düşüb.










