Rusiya hökuməti neft məhsulları istehsalçıları üçün benzin ixracına qoyulan qadağanı aradan qaldırır, lakin digər tədarükçülər üçün bu qadağa daha bir ay müddətinə uzadılıb.
Aİ-95 markalı benzinin qiyməti dövlət tərəfindən tənzimlənəcək
FED.az xəbər verir ki, bu barədə Rusiya Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
“Benzinin ixracına 2024-cü ilin sonuna qədər tətbiq edilən müvəqqəti qadağa 31 yanvar 2025-ci ilədək uzadılıb. Məhdudiyyət neft məhsullarının birbaşa istehsalçıları tərəfindən həyata keçirilən tədarüklərə şamil edilməyəcək”, - qərarda deyilir.
Bildirilir ki, qərar daxili yanacaq bazarında sabit vəziyyəti saxlamaq, neft emalı iqtisadiyyatını dəstəkləmək, avtomobil benzininin “boz” ixracına qarşı mübarizə məqsədilə qəbul edilib.
Xatırladaq ki, bu il sentyabrın 1-dən Rusiyadan bütün növ benzinin ixracına qadağa qoyulub. İstisna hökumətlərarası sazişlər əsasında və yalnız 2022-ci ildə 1 milyon tondan çox neft emal etmiş istehsalçılar üçün Avrasiya İqtisadi Birliyi ölkələrinə tədarüklərə olub. Qadağanın müddəti dekabrın 31-də başa çatırdı, noyabrın əvvəlində Rusiya Baş nazirinin müavini Aleksandr Novak qadağanın vaxtından əvvəl ləğv edilməsi təklifinin olduğunu söyləmişdi. (Report)