Xəbər verildiyi kimi, oktyabrın 1-də Bolqarıstanın paytaxtı Sofiya şəhərində Azərbaycan qazını Avropaya daşıyacaq daha bir boru xəttinin - Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimi keçirilib.
Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib. Tədbirdə iştirak edən dövlət və hökumət başçıları qaz kəmərinin əhəmiyyəti, son dövrlər Azərbaycan qazının Avropa üçün artan əhəmiyyəti barədə danışaraq, ümumilikdə Azərbaycanın nüfuzunun artdığını qeyd ediblər.
Layihə barədə danışan Bolqarıstanın müvəqqəti Hökumətinin rəhbəri Qılıb Donev bildirdi ki, interkonnektorun həyata keçirilməsi tərəfdaş ölkələr üçün mühüm əhəmiyyət kəsb edir. Bolqarıstan Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunu və Azərbaycandan təbii qaz təchizatının artırılması imkanlarını alqışlayır. Bu, “Repower Europe” planındakı şaxələndirmə hədəflərinə töhfə verəcək.
Tədbirdə çıxış edən prezident İlham Əliyev bildirib ki, Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru layihəsi Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində və qaz təchizatının şaxələndirilməsində mühüm rol oynayacaq. Təxminən iki ildir ki, Azərbaycan qazı Avropa bazarlarına çıxarılır və indi isə, o, Bolqarıstana daxil olur.
Dövlət başçısı bildirib ki, uzun illər Azərbaycan beynəlxalq bazarda və ilk növbədə, Avropa bazarında etibarlı neft təchizatçısı olub. İndi isə etibarlı qaz təchizatçısına çevrilir.
«Ötən il qaz ixracımız təxminən 19 milyard kubmetr təşkil etmişdir. Onun 8,2 milyard kubmetri Avropaya nəql olunmuşdur. Bu isə əvvəlki illə müqayisədə 40 faiz artım deməkdir. Bu il biz ixracımızı 22 milyard kubmetrə qədər artıracağıq və onun 11,5 milyard kubmetri Avropa istehlakçılarına çatdırılacaqdır. Artıq söylədiyim kimi, bu ilin iyul ayında biz xanım Prezident Ursula Fon der Lyayenin Azərbaycana səfəri zamanı Avropa Komissiyası ilə Anlaşma Memorandumu imzaladıq. Bu, çox əhatəli sənəddir, ona əsasən, 2027-ci ilə qədər biz təbii qazın təchizat həcmini ən azı iki dəfə artırmağı planlaşdırırıq və bunu etməyə tam potensialımız var.
Biz TANAP-ın 16 milyard kubmetrdən 32 milyard kubmetrə, TAP-ın isə 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər genişləndirilməsi ilə bağlı tərəfdaşlarımızla artıq məsləhətləşmələrə başlamışıq. Çünki bu, olmadan əlavə təchizatı təmin etmək çətin olacaq».
Tədbirdə çıxış edən Serbiya və Şimali Makedoniya prezidentləri isə Azərbaycan qazının Avropa üçün artan əhəmiyyəti barədə fikirlərini özünəməxsus formada bildiriblər.
Serbiya Prezidenti Aleksandar Vuçiç bildirib ki, yeni qaz kəməri Serbiya üçün də vacib əhəmiyyət kəsb edir: «Deməliyəm ki, dostumuz İlham Əliyevin iştirakı olmasaydı, bizim hər birimiz üçün qaz, eləcə də elektrik enerjisi təchizatının şaxələndirilməsinə ümid etmək asan olmazdı. Əziz dostum, görürəm ki, indi Siz Avropada çox məşhurlaşmısınız. Mən Sizinlə əlaqə saxlamaq istəyirəm. Mən onunla dəfələrlə danışmışam. O, Avropada çox məşhurlaşıb. Bu arada, bilmirəm o, nə edib, amma etiraf edim ki, bunun sirrini mən də bilmək istərdim».
Şimali Makedoniyanın Prezidenti Stevo Pendarovski də layihənin təkcə ev sahibləri üçün deyil, bütövlükdə Cənub-Şərqi Avropa üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirərək dedi: “Avropada ən çox arzuolunan şəxs - Azərbaycan Prezidenti barədə söz düşmüşkən, onun yeni nömrəsini bilmirik. Ola bilsin ki, o, telefon nömrəsini dəyişib”.
Mərasimə yekun vuran Bolqarıstan Prezidenti Rumen Radev Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun artıq Avropanın enerji xəritəsini əhəmiyyətli dərəcədə dəyişdiyini vurğuladı. Prezident dedi: “Nəhayət ki, 10 ildən çox bundan əvvəl Prezident Pırvanovla əldə edilən razılaşmaya sadiq qalan Prezident Əliyevin simasında özünü etibarlı tərəfdaş kimi sübut etmiş Azərbaycandan real qaz axını var. Dünən mən çox mühüm bir təklif aldım, faktiki olaraq 4 ölkənin - Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın qaz nəqli şirkətləri və təchizatçıları tərəfindən, belə demək mümkündürsə, mənə səlahiyyət verilib. Onlar məndən Avropa Komissiyasının Prezidentinə birgə imzalanmış məktubu təqdim etməyi xahiş edirlər və iyulda Avropa Komissiyasının Prezidenti ilə Prezident Əliyev arasında imzalanmış Memorandumla paralel olaraq, Azərbaycandan nəql olunan qazın həcminin artırılmasını təklif edirlər”.
Qeyd edək ki, Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) ümumi uzunluğu 182 kilometrdir, Bolqarıstanın və Yunanıstanın qaz nəqli şəbəkələrini birləşdirir.
Layihə 2011-ci ildə Bolqarıstanda qeydiyyatdan keçmiş Bolqarıstan-Yunanıstan “ICGB AD” investisiya şirkəti tərəfindən Bolqarıstanın Enerji Holdinqi və Yunanıstanın “IGI Poseidon” şirkətinin səhmdarları ilə birlikdə reallaşdırılır və hər biri 50 faiz paya malikdir.
İnterkonnektorun ümumi dəyəri 240 milyon avrodan çoxdur. Avropa Komissiyası 2010-cu ildə texniki-iqtisadi əsaslandırmalar üçün 45 milyon avro qrant yardımı və Bolqarıstanın həyata keçirdiyi proqram çərçivəsində 35 milyon avro məbləğində daha bir ödəniş ayırıb. Avropa İnvestisiya Bankı isə 110 milyon avro kredit verib.
Xatırladaq ki, IGB Azərbaycanın “Şahdəniz-2” yatağından hasil edilən təbii qazı Bolqarıstana çatdıracaq. Bu məqsədlə Bolqarıstanın “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb. Boru xəttinin illik ötürmə gücü 3 milyard kubmetr təşkil edəcək. Perspektivdə bu göstərici ildə 5 milyard kubmetrədək artırıla bilər. Beləliklə, Azərbaycan təbii qazı Bolqarıstanın tələbatının 25-30 faizini ödəyəcək.
Onu da qeyd edək ki, Azərbaycan qazının Avropaya nəqli 2020-ci ilin axırında Cənub Qaz Dəhlizinin sonuncu seqmentinin - TAP-ın işə düşməsi ilə başlayıb. Hazırda Türkiyə, Gürcüstan, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliya Azərbaycan qazının alıcılarıdır. Göründüyü kimi, yeni çağırışlar qarşısında Azərbaycan qazına tələbat artır.