Azərbaycandan bu ilin yanvar-oktyabr aylarında İtaliyaya cəmi 12 milyon 77 min ton neft ixrac edilib.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, İtaliyaya ixrac edilmiş neftin dəyəri isə 6 milyard 231,5 milyon dollar olub.
Son bir il ərzində ixracın həcmində 2 milyon 774 min ton (təxminən 30%), dəyərində isə 407 milyon dollar (7%) artım baş verib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr ayında isə Azərbaycan İtaliyaya 5 milyard 824 milyon dollar dəyərində 9 milyon 303 min ton neft ixrac etmişdi.
Bu ilin yanvar-oktyabr aylarının nəticələrinə görə İtaliyaya ixrac edilmiş neftin orta hesabla 1 tonunun dəyəri 516 dollar olub ki, bu da 2024-cü ilin müvafiq göstəricisinə görə 110 dollar (17,6%) azdır. Ötən ilin müvafiq dövründə bu göstərici 626 dollara bərabər olub.
Xam neftin ixrac olunduğu ölkələrin siyahısında İtaliya 2025-ci ildə 1-ci, 2024-cü ildə də 1-ci yerdə olub.










