Bu ilin yanvar-iyul aylarında Azərbaycandan Türkiyəyə ümumilikdə 6 milyard 684,78 milyon kubmetr təbii qaz ixrac edilib.
Azərbaycanın qaz yeni müqaviləsində – 46 MİLYARD DOLLARLIQ QAZ VAR
FED.az xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatında qeyd olunub.
Məlumata görə, bu, 2023-cü ilin ilk 7 ayı ilə müqayisədə 10,24 % çoxdur.
Bu ilin iyul ayında Azərbaycan Türkiyəyə 1 milyard 004,08 min kubmetr təbii qaz ixrac edib. Bu, 2023-cü ilin iyul ayı ilə müqayisədə 13,65 % çoxdur.
Bununla da iyulda Azərbaycan Türkiyəyə təbii qaz ixrac edən ikinci ölkə olub. Türkiyənin ümumilikdə idxal etdiyi təbii qazın 28,09 %-i Azərbaycanın payına düşüb.
Xatırladaq ki, ötən ilin iyul ayında Türkiyə Azərbaycandan 883,562 milyon kubmetr təbii qaz idxal edib.
Ümumilikdə isə iyulda Türkiyə ümumilikdə 3 milyard 574,71 milyon kubmetr həcmində təbii qaz idxal edib ki, bu da 2023-cü ilin eyni ayının göstəricisi ilə müqayisədə 17,94 % azdır.
İyulda Türkiyəyə qaz ixracına görə ilk yeri Rusiya tutub. İlin 7-ci ayında Rusiyadan Türkiyəyə 1 milyard 482,58 milyon kubmetr təbii qaz ixrac olunub. Bu, 2023-cü ilin iyul ayı ilə müqayisədə 10,92 % azdır.
İyulda üçüncü yerdə İran qərarlaşıb. Bu ölkə həmin ay Türkiyəyə 619,29 milyon kubmetr qaz nəql edib. 2023-cü ilin iyul ayında İrandan Türkiyəyə qaz nəqli olmayıb.
Qeyd edək ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql edilir. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Təbii Qaz Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb. (Report)