2025-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycandan 8 milyard 117 milyon dollar həcmində 22 milyard 804 milyon kubmetr təbii qaz ixrac edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, təbii qaz ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsilə 513 milyon dollar və ya 6,7% artıb, miqdar ifadəsilə isə 718 milyon kubmetr, başqa sözlə 3,1% azalıb.
Qeyd edək ki, 2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycandan 7 milyard 604 milyon dollar dəyərində 23 milyard 522 milyon kubmetr təbii qaz ixrac olunmuşdu.
2025-ci ilin nəticələrinə görə Azərbaycanın ixrac etdiyi təbii qazın hər 1000 kubmetrinin orta ixrac qiyməti 355,96 dollar (605,13 manat) təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 323,28 dollar (549,57 manat) idi. Bu da illik müqayisədə 32,68 dollar (55,56 manat) və ya 10,1% bahalaşma deməkdir.
Ölkələr üzrə qaz ixracının təhlili göstərir ki, 2025-ci ilin yanvar–noyabr aylarında Azərbaycanın qaz ixracından əldə etdiyi gəlirlərin təxminən yarısı İtaliyanın payına düşüb. Hesabat dövründə bu ölkəyə 4 milyard 233 milyon dollar dəyərində 8 milyard 775 milyon kubmetr təbii qaz satılıb. Ötən ilin eyni dövrü ilə müqayisədə ixracın dəyəri 596,5 milyon dollar və ya 16,4 faiz artsa da, həcmi 155,6 milyon kubmetr və ya 1,7 faiz azalıb. İtaliyaya ixrac edilən qazın hər min kubmetrinin orta qiyməti 482,4 dollar olub ki, bu da əvvəlki illə müqayisədə 75,2 dollar və ya 18,5 faiz bahalaşma deməkdir.
Türkiyə istiqamətində isə həm qiymət, həm də həcm baxımından azalma qeydə alınıb. Qardaş ölkəyə 2 milyard 405 milyon dollar dəyərində 8 milyard 907 milyon kubmetr qaz ixrac edilib. İllik müqayisədə ixracın dəyəri 345,4 milyon dollar və ya 12,6 faiz, həcmi isə 89,5 milyon kubmetr və ya 1 faiz azalıb. Türkiyəyə satılan qazın orta ixrac qiyməti 270,0 dollar təşkil edib ki, bu da 2024-cü illə müqayisədə 35,7 dollar və ya 11,7 faiz ucuzlaşma deməkdir.
Bolqarıstan istiqamətində stabil artım davam edib. 2025-ci ilin yanvar–noyabr aylarında bu ölkəyə 638,9 milyon dollar dəyərində 1 milyard 775 milyon kubmetr qaz göndərilib. İxracın dəyəri 79,4 milyon dollar və ya 14,2 faiz, həcmi isə 36,2 milyon kubmetr və ya 2,1 faiz artıb. Bolqarıstan bazarı üzrə qazın orta ixrac qiyməti 360,0 dollar olub ki, bu da ötən illə müqayisədə 38,2 dollar və ya 11,9 faiz artım deməkdir.
Yunanıstana qaz ixracında həcmin azalmasına baxmayaraq, qiymətlərin kəskin bahalaşması gəlirlərin artmasına səbəb olub. Hesabat dövründə bu ölkəyə 428 milyon dollar dəyərində 833 milyon kubmetr qaz satılıb. İxracın həcmi 16,5 milyon kubmetr və ya 1,9 faiz azalsa da, dəyər ifadəsində 69,7 milyon dollar və ya 19,4 faiz artım qeydə alınıb. Yunanıstana ixrac edilən qazın hər min kubmetrinin orta qiyməti 513,9 dollar olub ki, bu da bir il əvvəllə müqayisədə 92,0 dollar və ya 21,8 faiz bahalaşma deməkdir.
Gürcüstan istiqamətində isə kəskin azalma müşahidə olunub. Qonşu ölkəyə 218,4 milyon dollar dəyərində 2 milyard 68 milyon kubmetr qaz ixrac edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə ixracın dəyərinin 66 milyon dollar və ya 23,2 faiz, həcminin isə 900 milyon kubmetr və ya 30,3 faiz azalması deməkdir. Sosial xarakterli təchizat səbəbindən Gürcüstana ixrac edilən qazın orta qiyməti aşağı olaraq 105,6 dollar təşkil edib. Bununla belə, qiymət ötən illə müqayisədə 9,8 dollar və ya 10,2 faiz artıb.
Serbiya istiqamətində yüksək artım qeydə alınıb. Hesabat dövründə bu ölkəyə 106,4 milyon dollar dəyərində 192,6 milyon kubmetr qaz ixrac edilib. İllik müqayisədə ixracın dəyəri 92,1 milyon dollar artaraq 7,4 dəfə, həcmi isə 154,1 milyon kubmetr artaraq 5 dəfə yüksəlib. Serbiya bazarı üzrə qazın orta ixrac qiyməti 552,4 dollar olub ki, bu da 2024-cü illə müqayisədə təxminən 182,dollar və ya 49 faiz bahalaşma deməkdir.
2025-ci ildə Azərbaycan üçün yeni bazarlardan biri də Suriya olub. Hesabat dövründə bu ölkəyə ilk dəfə olaraq 87 milyon dollar dəyərində 253,6 milyon kubmetr qaz ixrac edilib. Suriya istiqamətində qazın hər min kubmetrinin orta qiyməti 342,9 dollar təşkil edib.
Bununla yanaşı, 2025-ci ilin yanvar–noyabr aylarında Azərbaycanın qaz idxalı kəskin şəkildə azalıb. Hesabat dövründə ölkəyə cəmi 39,1 milyon dollar dəyərində 252,1 milyon kubmetr qaz idxal edilib. Bu, ötən illə müqayisədə idxal həcminin 261,4 milyon kubmetr və ya təxminən 2 dəfə, dəyərinin isə 42,8 milyon dollar və ya 2,1 dəfə azalması deməkdir.
Qaz idxalının əsas hissəsi Türkmənistanın payına düşüb. Bu ölkədən 35,2 milyon dollar dəyərində 230,9 milyon kubmetr qaz idxal edilib. İllik müqayisədə idxal həcmi 141 milyon kubmetr və ya 38 faiz azalıb. Türkmənistandan idxal olunan qazın orta qiyməti 152,5 dollar olub.
Rusiyadan isə 3,9 milyon dollar dəyərində 21,2 milyon kubmetr qaz idxal edilib. Bu istiqamətdə idxal həcmi 120,4 milyon kubmetr azalaraq 6,7 dəfə geriləyib. Rusiyadan alınan qazın orta qiyməti dəyişməyərək 185,0 dollar səviyyəsində qalıb.










