Azərbaycanda, Böyük Qafqazın cənub yamaclarında, uca dağlar qoynunda yerləşən Lahıc kəndi qədim dövr şəhərsalması və memarlığının orijinal abidəsidir. Orta əsrlərdə şəhər kimi salınmış, küçə və meydanlarına daş döşənmiş, yaxşı inkişaf etmiş kanalizasiya və su təchizatı sisteminə malik olan Lahıc Qafqazda və onun hüdudlarından kənarda tanınmış sənətkarlıq və ticarət mərkəzlərindən biri olub.
Burada hazırlanan soyuq silahlar və naxışlı mis əşyalar onu xüsusilə məşhurlaşdırıb. Bu gün dövlət tərəfindən tarix-memarlıq abidəsi kimi qorunan Lahıc Böyük İpək Yolu üzərində beynəlxalq turizm marşrutuna daxil edilib.
Möhtəşəm yeddilik
Lahıc Bakıdan 180 kilometr və rayon mərkəzindən 37 kilometr məsafədə, Böyük Qafqaz dağlarının ətəklərində, Girdiman çayının sol sahilində, dəniz səviyyəsindən 1100-1200 metr yüksəklikdə Hovdağ (2437 metr) və Niyaldağ (2322 metr) dağ silsilələri arasında yerləşir. Lahıc aşırımı möhtəşəm Niyaldağ silsiləsinin tərkib hissəsidir. Hündürlüyü 1700 metrə çatır. Dağın yolu əsasən dar cığırlardan ibarətdir. Bir qədər təhlükəli olsa da, ilboyu buraya maşınla qalxmaq mümkündür. Yeddi dağın əhatəsində yerləşən Lahıcın bir xüsusiyyəti onu bütün Şərq şəhərlərinə bənzədir. Bu 7 dağda 7 bulaq, 7 məhəllə, 7 hamam var. Lahıcda hər şey 7 rəqəmi ilə bağlıdır.
Hazırda Lahıcın əhalisi təxminən 1800 nəfərdir, hərçənd keçən əsrin 40-cı illərində burada 30 mindən çox insan yaşayırdı.
Tarixin sədaları
Lahıcın mühüm atributlarından biri Niyal dağıdır. Doqquz hürgüclü dəvəyə oxşayan bu dağ karvanı xatırladır. Kəndin ətrafında çay dərələri boyunca at belində gəzməyin özgə ləzzəti var: bu gəzintilər zamanı təbii-tarixi abidələri görə bilərsiniz. Məsələn, Girdiman qalası VII əsrdə müasir Lahıc ərazisində yerləşən Girdiman dövlətinin paytaxtında ucaldılıb. Rayon mərkəzindən 37 kilometr şərqdə, Girdiman çayının sol sahilində yerləşən bu qala Qafqaz Albaniyasının alınmaz istehkamlarından biri olub.
Vaxtilə burada yerləşmiş antik Sedun və Girdiman şəhərlərinin izləri indi də qalıb. 2000 illik tarixi olan Lahıcın bünövrəsi VI əsrin sonu – VII əsrin əvvəlində Mehranilər sülaləsinin banisi Mehran tərəfindən qoyulub. Lahıc əvvəlcə sonuncu Alban dövləti olan Girdiman knyazlığının, daha sonra Laziyan Məlikliyinin siyasi və inzibati mərkəzi, o cümlədən sonuncu alban hökmdarı knyaz Cavanşirin (616-680) yay iqamətgahı olub.
Bir maraqlı fakt
Azərbaycan Xalq Cümhuriyyətinin lideri Məmməd Əmin Rəsulzadə Qırmızı Ordu Bakıya gələndən sonra təqiblərdən qaçaraq 3 ay Lahıcda, dayısı Ərəbin evində gizlənib. Onun 1920-ci ildə yazdığı “Əsrimizin Siyavuşu” kitabı bu sözlərlə qurtarır: “...ya qazi olacaq, ya şəhid”. Deyilənə görə “qırmızı terror”dan qorxmayan yerli sakinlər cümhuriyyət liderinə çox böyük hörmət və ehtiram bəsləyirmiş.
Əhalinin etnik tərkibi
Erkən orta əsrlərdə Lahıc ərazisində məskunlaşmış müxtəlif qəbilələrin əksəriyyəti farsdilli idi. Şübhəsiz, gəlmələrin dili yerli sakinlərin danışığına müəyyən təsir göstərirdi. Lahıcın əsas əhalisi eyniadlı (Lahıc) kiçik xalqın nümayəndələridir. Onların dili fars dili qrupuna aid olsa da, türk ləhcələri ilə qarışıb.
Yeri gəlmişkən, məşhur “Şeş-beş” stolüstü oyununun adı da buradan yaranıb. “Şeş” fars dilində “altı” deməkdir, “beş” isə sırf türk sözüdür.
Diyarşünaslıq muzeyi
1980-ci ildə Lahıc ərazisində dövlət tarix-memarlıq qoruğu yaradılıb: 80 hektar ərazidə 93 tikili qorunur. Onlardan 71-i xüsusi evlər, 22-si müxtəlif təyinatlı tikililərdir. Şahdağ milli parkının tərkib hissəsi olan bu qoruq açıq səma altında muzeyi xatırladır.
1914-cü ildə tikilmiş Ağoğlu məscidində isə Lahıc diyarşünaslıq muzeyi yerləşir. Lahıcın eyniadlı məhəlləsində yerləşən bu məscid sovet dövründə anbar kimi istifadə edilib. 1987-ci ildə binada bərpa işləri görüləndən sonra orada muzey yaradılıb. Muzeyin ekspozisiyasında 1000-dən çox eksponat qorunur. Onların arasında yaşı 2000 ildən çox olan gil qablar və başqa məmulatlar da var. Mis əridilməsi üçün XVIII əsrdə düzəldilmiş və indi də işlək vəziyyətdə olan körük muzeyə gələnlərin böyük marağına səbəb olur. Lahıcda hansı evə getsəniz, dəmirçilər sülaləsinin tarixi ilə üzləşərsiniz. Məsələn, Hacı Gülşadın dəmirçi emalatxanası milli sərvət kimi dövlət tərəfindən qorunur. Yaşı 200-dən çox olan bu emalatxanada indi sənətkarların yeddinci nəsli çalışır. Kamilovlar ailəsinin 1811-ci ildə tikilmiş evi də bu qəbildəndir. Kənddə belə binalar çoxdur.
Yuxarıda adını çəkdiyimiz Ağoğlu məscidindən başqa Lahıcda Zavaro məscidi də var. Eyniadlı məhəllədə yerləşən bu məscid 1805-ci ildə yerli sakinlər tərəfindən tikilib və özünün ilkin görkəmini hələ də qoruyub saxlayır.
“Welcome to Lahic”
Muzeyin lap yanında yerləşən Lahıc turizm-informasiya mərkəzinin məlumatına görə, Lahıc ilboyu əcnəbi turistlər arasında çox populyardır. Yeri gəlmişkən, Lahıc Azərbaycanda yeganə kənddir ki, qonaqları ingilis dilində qarşılayır. Kəndin girəcəyində üzərində “Welcome to Lahic” sözləri yazılmış tabloid qoyulub.
Turizm-informasiya bürosunda burada yerləşən tarixi və təbii abidələr, təşkil edilən ekskursiyalar haqqında zəruri informasiya almaq, özünüz üçün bələdçi götürmək, həmçinin harada nahar etmək və ev tutmaq mümkün olduğunu öyrənə bilərsiniz.
Qoruqda bir neçə istiqamət üzrə marşrutlar mövcuddur. Lahıcın ətrafından keçən turlara qoşulmağa dəyər. Dəniz səviyyəsindən 1505 metr yüksəklikdə Peşter çayı və Peşter yarğanı boyunca bir-birindən gözəl meşələr, bulaqlar və şəlalələr görə bilərsiniz. Ən yaxın şəlalə Lahıcdan 2 kilometr məsafədədir.
Lahıcın memarlığı
Lahıc sakinləri özlərini heç də kənd əhli saymır və təkidlə bildirirlər ki, Lahıc şəhərdir. Yerli əfsanəyə görə, səkkiz əsr əvvəl buranın sakinlərindən biri Parisdə olub və şəhərin hansı tərzdə formalaşdığını görüb. O vaxtdan Lahıcı yeddi rayona bölüblər – hər birində məscid və hamam olub, kanalizasiya xətti çəkib, küçələrə isə daş döşəyiblər.
Yerli Lülo çayı qəsəbəni iki hissəyə ayırır. Cənubdakı böyük hissə Lahıc, şimaldakı kiçik hissə Aragird (Eregit) adlanır. Qəsəbə geniş küçələri, bağ və bostanların çoxluğu ilə fərqlənir. Lahıcın bütün küçələrinə daş döşənib. İkimərtəbəli evlər də çay daşlarından tikilib. Hər 60-70 santimetrdən bir hörgü arasına taxta dirəklər yerləşdirilib, pəncərələr qəşəng məhəccərlərlə bəzədilib. Qədim taxta qapılara dəmir “zınqırov” qoyulub.
Hazırda burada memarlıq qoruğu rejimi fəaliyyət göstərir – kərpicdən və digər müasir materiallardan tikinti aparmaq qadağan edilib. Buna görə də Lahıc öz qədim görkəmini saxlayır.
Mərkəzi küçə Böyük küçə və ya Bazar küçəsi adlanır. Bu, sənətkarlar məhəlləsidir. Demək olar ki, Lahıcın bütün mis mağazaları – emalatxanaları burada yerləşir. Bütün turistlər bu məhəlləyə gəlirlər. Burada nəinki suvenir almaq, eləcə də sənətkarların işinə tamaşa etmək mümkündür. Bakıdakı İçərişəhərdə satılan suvenirlər Lahıcda hazırlanır, lakin qiymətlərdə praktik olaraq fərq yoxdur. Lahıc sakinləri “tacirlik istedadları” ilə də tanınırlar.
Qədim nov
Lahıcda kanalizasiya da var! Mərkəzi küçənin altında bir metrədək dərinlikdə uzunluğu iki kilometr olan üçpilləli kollektor yerləşdirilib. Birinci və ikinci pillələrdəki borulardan içməli və texniki su axır. Kollektorun aşağı hissəsi – çay daşları döşənmiş düzbucaqlı novçadır. Sakinlərdən heç kəs bilmir ki, kanalizasiya harada başlayır və harada qurtarır. Onlar heç düşünmürlər ki, kollektor hansı prinsiplə işləyir və necə olub ki, 1500 ildən çoxdur fəaliyyət göstərir.
Sənətkarlar şəhəri
Qədim vaxtlardan Lahıc sakinləri dəmirçilik və qalayçılıq sənəti, xalçaçılıq və toxuculuqla məşğul olublar. XIX əsrin ortalarında Lahıcda 200-dən çox sənətkarlıq emalatxanası olub.
Güman edilir ki, rus çarlarının əsrlər boyu başlarına qoyduqları Monomaxın əfsanəvi papağı burada tikilib.
Lahıcda misgərlik ən populyar sənətdir. Bu, sanki təbiidir. Mis qablardan təsərrüfatda geniş istifadə edilib. Lahıc ustaları mis məmulatları qalaylayıb və naxışlarla bəzəyiblər. Bu işlə xüsusi usta-qravürçülər (həkkaklar) məşğul olublar.
Hazırda müasir qablara üstünlük verildiyi üçün misdən suvenirlər hazırlanır. XIX əsrdə Lahıcda 60-dan çox misgərlik emalatxanası olub. Bu sənətin sirri ailələrdə nəsildən-nəslə ötürülüb. Ona görə də əgər indi kimsə uşağını misgərin yanına gətirərək ona bu sənəti öyrətməyi xahiş edərsə, lahıclılar bunu təbəssümlə qarşılayacaqlar. Çünki misgərliyin bütün incəliklərini bilmək üçün bu mühitdə doğulmaq, böyümək və bu alətlərin arasında tərbiyə almaq və beləliklə, sənəti tədricən mənimsəmək lazımdır.
XVIII-XIX əsrlərdə silah istehsalı mərkəzi olmuş Lahıcda indiyədək misəridən sobalar qalır.
Yerli sənətkarların yaratdıqları məmulatlar bütün Şərqdə tanınıb. 1717-1718-ci illərdə usta Nəcəfqulunun düzəltdiyi samovarlar şöhrət qazanıb və yüksək qiymətləndirilib. 1850-ci ildə isə Zaqafqaziya diyarının əsərləri sərgisində usta Məmməd Qədir “Mis qaba görə” pul mükafatına layiq görülüb.
Ümumdünya Vyana Sərgisinə dair xüsusi qəzetdə lahıc ustalarının böyük uğurlarından yazılıb: “Lahıc kəndi (Şamaxı qəzası) əzəldən mis qabları ilə böyük şöhrət qazanıb. Vyana sərgisinə təqdim edilən qablar kolleksiyası bu şöhrəti saxlaya və artıra bilər. Sərgilənən boşqablar, kasalar və fincanlar heyrətamiz dərəcədə qəşəngdir və cəsarətlə bu qəbildən olan mükəmməl əsərlərə aid edilir” (“Qafqaz Kənd Təsərrüfatı Cəmiyyətinin qeydləri”, Tiflis, 1873).
Lahıclılar təkcə misgərliklə məşğul olmurlar
Lahıclılar təkcə misgərliklə məşğul olmurlar. Lahıc əbəs yerə “qırx sənət şəhəri” adlandırılmır. Əzəldən bəri Lahıcda metal emalından sonra ən inkişaf etmiş sənət dəri istehsalı olub. Lahıc dabbaqları şaqren, tumac, yufu aşılamağı bacarırdılar və sonra bunlardan incə zövq və məharətlə cürbəcür məmulatlar – ayaqqabı, qayış, dəri canlıq, kitab cildi, yüyən hazırlanırdı. Kustar xarakterdə olan yerli dəri istehsalının bazasında digər sənət növləri də inkişaf edib: sərraclıq, pinəçilik, papaqçılıq, xəzçilik.
Burada həmçinin xalça toxuyur, suvenir və milli geyim hazırlayırlar. Yeniyetmə vaxtından gözünün nurunu itirən qocaman usta Azad Manafov bu yerlərin fəxridir. Görmə qabiliyyətinin itməsi ona yəhər qayışı, yəhər, üzəngi və s. düzəltməyə mane olmayıb.
Bir sözlə, Lahıc bütün sahələrdə sizdə xüsusi hisslər oyada biləcək başqa bir aləmdir.
Azərtag©