Çinin Kommersiya Nazirliyi və Baş Gömrük Administrasiyası nadir metalların, o cümlədən volfram, tellur, bismut, molibden və indiumun ixracına fevralın 4-dən məhdudiyyət tətbiq etməyə başlayıb.
Çin ABŞ məhsullarına tarif tətbiq edib
FED.az xəbər verir ki, qərar ölkənin milli təhlükəsizliyini və mənfəətini qorumaq, habelə silahların yayılmasının qarşısını almaq kimi beynəlxalq öhdəliyi yerinə yetirmək, qlobal istehsal və təchizat zəncirinin təhlükəsizliyini və sabitliyini təmin etmək məqsədi ilə qəbul edilib.
Paralel olaraq, ikili təyinatlı məhsulların ixracına da məhdudiyyət qoyulub. Nazirlik 25 nadir metal məhsulu və istehsal texnologiyası ilə əlaqədar ixrac nəzarətinin həyata keçirildiyini elan edib. Qurumun açıqlamasında deyilir ki, Çin müvafiq ölkələri məsələyə dair əvvəlcədən məlumatlandırıb. Volfram və digər əlaqəli mallara ixrac nəzarətinin tətbiqi ümumi qəbul edilmiş beynəlxalq təcrübədir. Müvafiq qaydalara əməl olunarsa, ixraca icazə veriləcək.
Qeyd edək ki, sözügedən nadir metallar müdafiə sənayesi məhsulları, yaşıl enerji avadanlığı, smartfon, elektrik avtomobillərinin batareyalarının istehsalı da daxil olmaqla bir çox sahə üçün vacib minerallardır. Ekspertlər hesab edir ki, Çinin ixraca nəzarəti artırmaq qərarı Donald Tramp administrasiyasının Çin mallarına 10 faizlik əlavə idxal rüsumları tətbiq etməsinə cavabdır. Bu qərarın dünya bazarında sözügedən metalların və onlardan hazırlanan məhsulların qiymətlərinin artmasına səbəb olacağı proqnozlaşdırılır. Bismut istehsalını 1997-ci ildə, volfram hasılatını isə 2015-ci ildən dayandıran ABŞ idxaldan asılıdır.
Çin hökuməti Vaşinqtonun rüsum qərarına cavab olaraq, fevralın 10-dan ABŞ-dan idxal olunan bəzi məhsullara, o cümlədən kömür, xam neft, kənd təsərrüfatı texnikası, sıxılmış maye qaza 10-15 faizlik əlavə rüsumlar tətbiq edəcəyini açıqlayıb. Pekin bundan başqa, Çin müəssisələri ilə adi əməliyyatları dayandırmaqla və Çin firmalarına qarşı ayrı-seçkilik tədbirləri görməklə normal bazar əməliyyatları prinsipini pozduğu üçün ABŞ-ın “PVH Group” və “Illumina” şirkətlərini etibarsız müəssisələr siyahısına salıb. (Azərtac)