2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə dövlət şirkətlərinin ixrac göstəriciləri açıqlanıb.
FED.az “İxrac İcmalı”nın oktyabr sayına istinadən xəbər verir ki, bəzi şirkətlərin ixracında azalma müşahidə olunsa da, “AzerGold” QSC-nin artımı və yeni iştirakçıların reytinqə daxil olması ümumi göstəricilərə təsir göstərib.
Hesabat dövründə siyahının lideri yenə SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi olub. Qurum 302,8 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulu ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7 milyon dollar və ya 2,3% azdır.
İkinci yerdə qərarlaşan “SOCAR Polymer” MMC ixracını 192,9 milyon dollardan 207 milyon dollara yüksəldib. Artım 14,1 milyon dollar və ya 7,3% təşkil edib.
“AzerGold” QSC-də kəskin artım baş verib. Şirkət ixracını 90 milyon dollardan 165,6 milyon dollara çatdıraraq 75,6 milyon dollar və ya 84% artım qeydə alıb.
Bu il reytinqə bir neçə yeni dövlət qurumu da daxil olub. SOCAR-ın Qaz İxrac İdarəsi 47,1 milyon dollarlıq ixracla birbaşa beşinci yerdə qərarlaşıb. “SOCAR-DALĞIC” MMC 1,9 milyon dollar, “İSTİSU” Mineral Su Zavodu” MMC isə 1,6 milyon dollarlıq ixracla siyahıya yeni daxil olan şirkətlər sırasındadır.
Bəzi şirkətlərin ixrac göstəriciləri azalıb. “Azəralüminium” MMC-nin ixracı 14,9 milyon dollar (13,9%) azalaraq 92,2 milyon dollara düşüb. “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC-nin ixracı 12,3 milyon dollar (28,9%) azalma ilə 30,3 milyon dollar təşkil edib. Naxçıvan MR Dövlət Energetika Xidmətinin ixracı isə 781,6 min dollardan 680,1 min dollara enib (13% azalma).
“Azərbaycan Dəmir Yolları” QSC-nin ixracı da diqqət çəkib. Qurumun ixrac həcmi 266,3 min dollardan 1,5 milyon dollara yüksələrək 5,6 dəfə artım qeydə alıb.














