27 yanvar 2022-ci il tarixində Bakı Fond Birjasında “Unibank Kommersiya Bankı” ASC-nin kapital bazarlarında istiqraz buraxılışını qeyd etmək məqsədi ilə “Açılış Zəngi” mərasimi keçirilib.
FED.az Birjanın yaydığı məlumata istinadən xəbər verir ki, 20 milyon manat həcmində olan yerləşdirmənin anderrayteri BFB-nin üzvü olan “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.
Məlumatda qeyd edilib ki, Bakı Fond Birjasının listinq qaydalarına əsasən market meyker müqaviləsinin bağlanması nəticəsində bu qiymətli kağızlar BFB-nin premium bazar seqmentində listinqə alınır. Market meyker müqaviləsinə əsasən qiymətli kağızların yüksək likvidliyi və sərbəst tədavülü təmin edilir. BFB-nin Premium bazar seqmentinə Dövlət qiymətli kağızları, Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatların, o cümlədən, qabaqcıl təşkilati, maliyyə, məlumatların açıqlanması və idarəetmə standartlarının tətbiq edildiyi yüksək əməliyyat və maliyyə göstəriciləri nümayiş etdirən Emitentlərin qiymətli kağızları daxil edilir.
"Açılış Zəngi" mərasimində “Unicapital İnvestisiya Şirkəti” ASC-nin rəhbəri Tahir Qəribov bildirib ki, istiqrazlardan daxil olan vəsaitlər “Unibank Kommersiya Bankı” ASC tərəfindən real sektorun maliyyələşdirilməsi ilə yanaşı müştərilərə mütərəqqi və rəqəmsal xidmətlərin göstərilməsinin daha da genişləndirilməsinə istiqamətləndiriləcəkdir.
"Premium bazar seqmenti Birjanın ali listinq dərəcəsi olmaqla, şirkətin dayanıqlı maliyyə, mütərəqqi korporativ idarəetmə və şəffaf hesabatlılıq göstəricilərinə malik olmasını nümayiş etdirir. Unibank artıq üçüncü istiqrazı fond birjasının ali listinq dərəcəsinə daxil olunan korporativ sektordan ilk yerli emitentdir", - məlumatda deyilir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.