2019-cu ildə dünya iqtisadiyyatının vəziyyəti əsasən ticari müharibələrdən, neftin qiymətindən, Çin sahillərindəki konfliktlərdən və iki Avropa ölkəsinin vəziyyətindən asılı olacaq. FED.az xəbər verir ki, Bloomberg agentliyi 2019-cu ildə dünya iqtisadiyyatının inkişafı haqqında proqnoz hazırlayıb. Proqnozda qlobal inkişaf tempinə təsir edən ayrı-ayrı region və ölkələrin ssenarisi, siyasi risklərə nəzər əks olunub.
Eləcə də bax: İnvestorlar üçün 2019 necə il olacaq? - PROQNOZ
Ticari müharibələr
2019-cu ildə ölkələr arasında ticari qarşıdurmalar “qəddarcasına” olacaq. ABŞ prezidenti Donald Trampın gözlənilməz davranışları inkişaf ssenarisinə təsirsiz ötüşməyəcək. Bu özünü əsasən dünyanın iki iqtisadi gücü olan Çin-ABŞ münasibətlərində göstərəcək. Agentliyin ekspertlərinin fikrincə, 3 mövzunu diqqətdə saxlamaq lazımdır: ABŞ və Çin müştərək ticarət haqqında razılığa gələ biləcəklərmi, rəsmi Vaşinqton Avropa, Koreya və Yaponiyadan gətirilən avtomobil və ehtiyat hissələrinə yeni rüsum tətbiq edəcəkmi və ABŞ Konqresi Meksika və Kanada ilə ticari razılaşmaları ratifikasiya edəcəkmi. Bu istiqamətlərin hər birində yarana biləcək problem dünya iqtisadiyyatına birbaşa təsir göstərəcək.
Rusiya
Agentlik Rusiyadakı vəziyyəti dünyanın əsas riskləri siyahısına aid etmir. Lakin Rusiya iqtisadiyyatının inkişafı hesabatda öz əksini tapıb. Rusiya iqtisadiyyatını elə də böyük olmayan eniş gözləyir. Lakin bu eniş stabillik, uzunmüddətlilik naminə verilən düşünülmüş qurbanın göstəricisidir. Rusiyanı gözləyə biləcək əsas risklərdən biri sanksiyalardır. Əgər onlar çox sərt olsalar, rubl gözlənilmədən qiymətini itirəcək, inflyasiya səviyyəsi qalxacaq.
ƏDV-nin qalxması qısamüddətli periodda inflyasiyanın 6%-ə yüksəlməsinə və tələbin enməsinə səbəb olacaq. Buna görə də iqtisadiyyatın inkişafı ilin yekunlarında 1,4% ola bilər. Həmin rəqəm 2018-ci ildə 1,6% təşkil edib.
İtaliya
İtaliyada populist hökumət Avropa komissiyası ilə fiskal siyasətlə bağlı (Avropa İttifaqı xərcləri azaltmağı tələb edir) mübahisə yaşayır. Buna görə də italyan biznesi və əhali öz xərclərini azaltmağa başlayıblar. Bu trend 2019-cu ildə də davam edəcək. Ölkənin iqtisadiyyatı il ərzində 0,5% artacaq. İtaliya iqtisadiyyatına inam azalsa, ölkə davamlı tənəzzül dövrünə keçə, kredit reytinqi düşə bilər. Buna görə də Avropa Mərkəzi Bankı ilə münasibətlərdə problem yaşama ehtimalı var. Ən pis halda rəsmi Roma maliyyə böhranı, Aİ-nin tələblərinə təslim olmaqla valyuta ittifaqından çıxma arasında seçim edə bilər.
Böyük Britaniya
Ölkənin Avropa İttifaqından çıxması mövzusunda qərarsızlıq Baş nazir Tereza Meyin və hökumətin istefası ilə nəticələnə bilər. Bu ehtimalı agentlik çox yüksək qiymətləndirir. Avropa İttifaqından çıxış potensial yüksəlişin 2030-cu ilə qədər 7%-ə qədər itirilməsi ilə nəticələnəcək.
Neft
Neft qiymətlərinə ABŞ və İran arasındakı münasibətlər birbaşa təsir edəcək. Bundan başqa OPEK-in neftin hasilatı ilə bağlı müəyyən etdiyi səviyyə və ABŞ-la Səudiyyə Ərəbistanı arasındakı əlaqə də həlledici faktordur. Prezident D.Tramp bəyan edib ki, jurnalist Camal Qaçıqçının qətlinin iki ölkə arasındakı münasibətlərə təsir etməsini istəmir. Məlumdur ki, bu iki ölkə arasında istənilən problem neft qiymətlərində özünü göstərə bilər.
Asiyada konfliktlər
Bu bölgədə əsas risklər Çin və onun qonşu ölkələrə münasibətilə bağlıdır. Agentlik istisna etmir ki, ABŞ-ın Tayvana artan dəstəyi və Cənub-Çin dənizində hərbi təlimlər rəsmi Pekinlə qarşıdurmalara gətirib çıxara bilər (fins.az).