Əmlak Məsələləri Dövlət Xidmətində (ƏMDX) özəlləşdirməyə açıq müəssisə və obyektlərin səmərəli özəlləşdirilməsi, investorlara daha əlverişli şəraitin yaradılması və onlara göstərilən dövlət dəstəyinin genişləndirilməsi məqsədilə İqtisadiyyat Nazirliyində yaradılmış İşçi qrupunun növbəti iclası keçirilib.
FED.az xəbər verir ki, iclasda «Azərbaycan Sənaye Korporasiyası» ASC-nin bəzi müəssisələrinin və balansında olan obyektlərin özəlləşdirilməsi müzakirə edilib. Ayrıca olaraq ASK-nin balansında olan «ASK Şüşə» MMC-nin və «ASK İzolit» MMC-lnin özəlləşdirilmə perpektivləri müzakirə edilib, istehsal olunan məhsullar barədə geniş informasiya verilib.
Bu müəssisələrin tərkibində olan, lakin onlarla texnoloji bağlılığı olmayan və eyni ərazidə yerləşməyən sahə və bölmələrin ayrıca özəlləşdirilməsinin məqsədəuyğunluğu barədə müzakirələr aparılıb.
Bu sahə və bölmələrin özəlləşdirilməsinin qiymətləndirilməsi üçün İşçi qrupunun üzvlərinin qeyd olunan müəssisələrlə bağlı təkliflərinin növbəti iclasadək təqdim edilməsi tövsiyə olunub.
İclasda özəlləşdirmə prosesinə nüfuzlu və beynəlxalq təcrübəyə malik məsləhətçi şirkətlərin cəlb edilməsi barədə də fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, özəlləşdirilməsi nəzərdə tutulan müəssisələr haqqında ətraflı məlumat Xidmətin rəsmi saytında (emlak.gov.az) və “Özəlləşdirmə portalı”nda (privatization.az) yerləşdiriləcək.