Bakıda mənzillərin qiyməti 2 ildir ki – 2021-ci ilin 4-cü rübündən indiyədək artmaqdadır.
Azərbaycanda mənzillər 8%-dən çox bahalaşıb
Bakıda evlər bahalaşır - SƏBƏBLƏR
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə Azərbaycan Beynəlxalq Bankı – ABB-nin «Bakı şəhəri üzrə daşımaz əmlak bazarının təhlili» üzrə hesabatında bildirilir.
Hesabata əsasən, Bakı şəhərində təklif edilən mənzillərin qiymətində 2021-ci ilin 4-cü rübündən etibarən davamlı qiymət artımı müşahidə edilir.
Ilkin mənzil bazarında (yeni tikililər – FED.az) qiymət artımının səbəbi şəhər ərazisində boş torpaq sahəsinin azalması və ipoteka maliyyələşməsinin davam etməsi ilə bağlıdır.
Sənəddə qeyd edilir ki, son illərdə təkrar mənzil bazarına nisbətən ilkin mənzil bazarında müşahidə edilən daha sürətli qiymət artımının daha bir səbəbi - tikintinin maya dəyərinin artmasıdır. «Belə ki, torpaq sahəsi və tikinti materiallarının, işçi qüvvəsinin və s. artan xərcləri tikintinin maya dəyərinin artmasına səbəb olan amillərdəndir. İlkin mənzil bazarında qiymət artımı paralel olaraq, təkrar mənzil bazarında da özünü eyni tendensiya ilə əks etdirir»-hesabatda bildirilir.
Araşdırma göstərir ki, ilkin mənzil bazarında ən yüksək qiymətlər Səbail rayonu, ən aşağı qiymətlər isə Qaradağ rayonunda qeydə alınmışdır.
2023-cü il üzrə müvafiq olaraq Səbail rayonu üzrə qiymət 1 m(2) üçün 2 000 manatın üzərində, Qaradağ rayonunda isə 1 m(2) üçün 1000 manatdan aşağıdır.
2022-ci il ilə müqayisədə paytaxtda ən çox bahalaşma Xətai 32%, ən az isə Qaradağ rayonun- da 3% müşahidə edilmişdir.
Belə ki, Xətai rayonu üzrə 2022-ci ildə 1m(2) üçün 1 500 manat tələb olunurdusa, 2023-cü ildə bu qiymət 2 000 manat civarında olub. Qaradağ rayonunda isə qiymət 1 m(2) üçün hər iki il üzrə təqribi 600-800 manat civarlarında olub.
Təkrar mənzil bazarında da 2023-cü il üzrə ən yüksək qiymətlər Səbail rayonu, ən aşağı qiymətlər isə Qaradağ rayonunda qeydə alınıb. Səbail rayonunda 1 m(2) üçün təqribi 2 700 manat, Qaradağ rayonunda isə 1 m(2) üçün 1 000 manat tələb olunur.
Təkrar mənzil bazarında 2022-ci il ilə müqayisədə ən çox bahalaşma Xətai və Nizami rayonlarında 23%, ucuzlaşma isə Nəsimi rayonunda 3% müşahidə olunmuşdur.
Xətai rayonunda 2022-ci ildə 1 m(2) üçün təqribi 1 500 manat gərək idisə, 2023-cü ildə bu qiymət 1 750 manata qədər yüksəlib, Nizami rayonunda isə qiymət 1 m(2) üçün 1 500 manatdan 2 000 manata qalxıb.
Qeyd edək ki, fiziki şəxslərə ayrılan maksimum ipoteka limitinin məbləği Xətai və Nizami rayonları üzrə təklif edilən mənzillərin orta dəyərinə uyğun olaraq daha əlçatandır.
2024-cü ildə bu tendensiyanın Suraxanı rayonunda müşahidə edilməsi proqnozlaşdırılır.