Bakının daşınmaz əmlak bazarında qiymətlər sürətlə artmaqdadır.
Ən bahalı kvadratmetr: Səbail yenə zirvədə, Qaradağ isə sondadır
FED.az xəbər verir ki, ənənəvi qiymət artımı ilə yanaşı, paytaxtda inşa edilən müxtəlif lüks seqment yaşayış komplekslərində yüksək qiymətlər təklif edilir. Nəticədə bəzi komplekslərdə mənzillərin 1 kvadratmetrinin qiyməti 10 min manatı keçir.
FED.az paytaxtda yüksək qiyməti ilə seçilən bəzi komplekslərdəki mənzilləri təqdim edir.
«Boulevard Palace» - Bayıl
Bu siyahıda «ən ucuz» mənzillər Bayıl qəsəbəsində inşa edilən «Boulevard Palace» kompleksindədir. Gülbala Əliyev küçəsində yerləşən bu kompleksdə müxtəlif otaq sayına malik mənzil seçimi var. Amma otaqların sahəsinin «şişirdilməsi» ilə seçilir - 2 otaqlı studiya tipli mənzillər 119–124 m², 3 otaqlılar 139–472 m², 4 otaqlılar 239–343 m², 5 otaqlılar isə 411–453 m² sahəyə malikdir. Burada mənzillərin 1 kvadratmetrinin qiyməti 2700 manatdan başlayır. Bütöv mənzilin qiyməti isə 322 000 manatdan başlayır və 1 milyon manatı aşır.
Elə həmin əraziyə yaxın, lakin nisbətən fərqli memarlıq və infrastrukturla təqdim olunan layihələrdən biri də «Kristal Towers»dir. Neftçi Qurban Abbasov küçəsində yerləşən yaşayış kompleksində 2, 3 və 5 otaqlı mənzillər təklif olunur. Burada mənzillərin sahəsi 93 m²-dən 208 m²-yə dəyişir, 1 kvadratmetrin qiyməti isə 3 300 manatdan başlayır. Qiymətləri nəzərə alanda mənzilin satış qiyməti 308 000 – 689 000 manat aralığındadır.
«Mərdi Məkan» - Mərdəkan
Bir neçə həftə əvvəl reklamı başlayan Mərdəkan qəsəbəsində həyata keçirilən Mərdi Məkan layihəsi də dəbdəbəli təqdimatı ilə yanaşı, yüksək qiymətləri ilə də diqqəti cəlb edir. Burada yalnız çoxmənzilli binalar deyil, həm də villalar inşa olunur. Layihə çərçivəsində 4 ədəd 6 mərtəbəli, 4 ədəd isə 3 mərtəbəli bina, əlavə olaraq 46 villa planlaşdırılıb. Mənzillərin sahəsi 109 m²-dən, villalar isə 453 m²-dən başlayır. Mənzillərdə kvadratmetrin qiyməti 2450 dollar və ya 4200 manat, villaların satış qiyməti isə 1 150 000 dollar səviyyəsindədir. Kompleksin 2026-cı ilin aprelində istifadəyə verilməsi gözlənilir.
«Knightsbridge Residence» - Ağ Şəhər
Ənənəvi üslubdan uzaqlaşıb, britaniya stilli memarlıq axtaranlar isə «Ağ Şəhərdə» yeprləşən 8 Noyabr prospektindəki «Knightsbridge Residence» layihəsinə üz tuta bilərlər. Burada 2-dən 5 otağa qədər olan mənzillər 80–158 m² sahə ilə təqdim olunur. Qiymətlər 1 kvadratmetr üçün 4 400 manatdan başlayır, mənzil başına qiymət isə 353–698 min manat arasındadır.
«Gardens Residences» - Nardaran
Şəhərin kənarında, daha təbii və sakit mühitdə yaşamaq istəyənlər üçün Nardaran qəsəbəsində bir neçə layihə təqdim olunur. Bunlardan biri «Gardens Residences»dir. Studiya və adi 2 otaqlı mənzillər 59–85 m², 3 otaqlılar isə 133 m²-ə qədər sahəyə malikdir. Burada kvadratmetrin qiyməti 4 584–6 290 manat, mənzillərin qiyməti isə 374 000–392 000 manat aralığında dəyişir.
Həmin ərazidə yerləşən «Polo Residences» layihəsində isə 2 otaqlı mənzillər 91–127 m², 3 otaqlılar isə 146 m² sahəyə malikdir. Burada kvadratmetrin qiyməti 4 420–4 675 manat, mənzillərin satış qiymətləri isə 409 000 – 683 000 manat civarındadır. Müasir planlama və qapalı kompleks şəraiti layihənin üstünlüklərindəndir.
«White Residences» - Nardaran
«White Residences» də Nardaranda yerləşən və qiymət baxımından daha yüksək seqmentə daxil olan başqa bir layihədir. Burada 1 otaqlı mənzillər 70 m², 2 otaqlılar isə 105–119 m² sahəyə malikdir. Kvadratmetrin qiyməti 5 440–5 950 manat, ümumi satış qiymətləri isə 380 000 – 706 000 manat arasında dəyişir.
«Yaşam Boulevard» - Bayıl
Bakıya nisbətən yaxın ərazidə, Bayılda, Neftçi Qurban Abbasov küçəsində yerləşən «Yaşam Boulevard» layihəsi də yüksək qiyməti ilə diqqəti çəkir. Kompleksdə sahəsi 264-282 kvadratmetr olan mənzill otaqlı mənzillər təqdim olunur. Kvadratmetrin qiyməti 8 000 manatdan, mənzilin qiyməti isə 2 116 000 manatdan başlayır.
«The Ritz-Carlton» - Babək prospekti
Bakıda ən bahalı mənzillər olan binalar isə bir-birindən cəmi 1 kilometr məsafədə yerləşir. Paytaxtın premium seqmentində ən çox diqqət çəkən layihələrdən biri Babək prospektində yerləşən başı bəlalı keçmiş «Trump Tower», hazırda «The Ritz-Carlton» adlanan yaşayış kompleksi sayılır. Burada mənzillərin qiyməti 6000 ABŞ dollarından, 10 200 manatdan başlayır. Ən kiçik mənzil 133 m² olmaqla 950 000 dollara başa gəlir, ən böyük mənzilin sahəsi isə 418 m² təşkil edir – 2,5 milyon dollar və ya 4,3 milyon manat. Layihənin dünya brendi altında təqdim olunması və şəhərin mühüm nəqliyyat arteriyalarına yaxınlığı onu yüksək gəlirli təbəqələr üçün cazibədar edir.
«Crescent Residences» - Neftçilər prospekti
Hələlik Bakıda ən bahalı mənzillər paytaxtın mərkəzində, dəniz kənarında yerləşən lüks layihələ - «Crescent Residences»dədir. Neftçilər prospektindəki bu kompleksdə qiymətlər bazarın ən yüksək həddini formalaşdırır. Burada mənzillərin sahələri 88–375 m² aralığında dəyişir, kvadratmetrin qiyməti isə 12 515–15 858 manatdır. Nəticədə ən kiçik mənzilin satış qiymətləri 1,2 milyon manatdan başlayaraq 5,9 milyon manata qədər dəyişir.