2025-ci ildə Azərbaycanın ananas idxal bazarında yeni ölkələr meydana çıxıb, bəzi ölkələr isə bazardan çıxıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar-dekabr ayları ərzində Azərbaycanın ananas idxal etdiyi ölkələrin siyahısına bir neçə yeni dövlət daxil olub. Bu il Mərkəzi Amerika ölkəsi Panamadan Azərbaycana 73 min 940 dollar dəyərində 63,27 ton təzə ananas gətirilib. Panamadan idxal edilən ananasın 1 kiloqramının orta qiyməti 1,17 dollar (təxminən 1 manat 99 qəpik) olub. Müqayisə üçün qeyd edək ki, Azərbaycanın əsas tədarükçüsü olan Kosta-Rikadan alınan ananasın qiyməti 1,13 dollar təşkil edib. Qeyd edək ki, 2024-cü ildə Panamadan Azərbaycana ananas idxalı qeydə alınmamışdı.
Eyni zamanda Belçika Krallığı da bu il Azərbaycanın yeni ananas tədarükçülərindən birinə çevrilib. 2025-ci il ərzində Belçikadan ölkəyə 24 min 480 dollar dəyərində 20,4 ton ananas idxal olunub. Bu məhsulun 1 kiloqramının orta idxal qiyməti 1,20 dollar (təxminən 2 manat 4 qəpik) təşkil edib. Müqayisə üçün qeyd olunmalıdır ki, 2024-cü ildə Belçikadan ananas idxalı baş tutmamışdı.
2025-ci ildə Azərbaycanın ananas idxal etdiyi ölkələr siyahısına Qazaxıstan da əlavə olunub. İl ərzində bu ölkədən 50 dollar dəyərində 0,05 ton (50 kq) ananas idxal edilib. Qazaxıstandan gətirilən ananasın 1 kiloqramının orta qiyməti 1 dollar (təxminən 1 manat 70 qəpik) olub. Ötən il bu ölkədən ananas idxalı qeydə alınmamışdı.
Bununla yanaşı, Hindistan, Keniya və Mavritaniya kimi digər yeni ölkələrdən də idxal həyata keçirilsə də, bu tədarüklər çox cüzi məbləğdə olub
Digər tərəfdən, 2025-ci ildə bəzi ölkələr Azərbaycanın ananas idxal bazarından çıxıb. Belə ki, ötən il tədarükçülər arasında olan Ekvadordan bu il ananas idxalı həyata keçirilməyib. Halbuki 2024-cü ildə Ekvadordan Azərbaycana 1 min 140 dollar dəyərində 0,95 ton ananas gətirilmişdi və həmin məhsulun 1 kiloqramının orta qiyməti 1,20 dollar (təxminən 2 manat 4 qəpik) olmuşdu.
Eyni vəziyyət Kolumbiya ilə də müşahidə olunub. 2025-ci ildə bu ölkədən ananas idxalı qeydə alınmayıb. Halbuki 2024-cü ildə Kolumbiyadan Azərbaycana 580 dollar dəyərində 0,48 ton ananas idxal edilmişdi və həmin məhsulun 1 kiloqramının orta qiyməti 1,21 dollar (təxminən 2 manat 6 qəpik) təşkil etmişdi.












