FED.az Azər İsmayılın bloquna istinadən "THY millərini belə xərclədim..." yazısını təqdim edir.
Türk Hava Yollarının Miles&Smiles loyallıq proqramı haqqında daha öncə yazmışdım. Bu dəfə isə milləri biletə yox, başqa hədiyyələrə dəyişmək haqqında təcrübəmi yazacam. Yeni il qabağı hesabımda təxmini 12 min mil var idi, noyabrın ortasında Miles&Smiles email göndərdi ki, 3200 mil-in istifadə müddəti üç il tamam olduğu üçün 31 dekabrda bitəcək, həmçinin də təklif etdilər ki, bilet almağa, sinifi yüksəltməyə, http://www.shopandmiles.com saytında alış-veriş etməyə xərcləmək olar. Əlavə olaraq ödəniş edib millərin istifadə müddətini artırmaq da mümkündür. Səyahətlə bağlı planlarım olmadığı üçün milləri http://www.shopandmiles.com saytında xərcləmək qərarına gəldim.
Sayta daxil olanda ilk olaraq ölkəni seçirsən. Burda ən yaxşı variant kimi Türkiyəni seçməyiniz sizə karqo və çeşid məsələsində daha əlverişli imkanlar təqdim edir. Sizcə millərə nə almaq olar biletdən başqa? cavabınızı təxmin edirəm: aviaşirkətin logolu breloku, qələmi, kitabçası, təyyarə maketi və s. THY-in http://www.shopandmiles.com saytında isə hər şey satılır! Məişət texnikasından tutmuş, skuterə kimi , geyimdən tutmuş, kosmetik vasitələrə kimi, uşaq oyuncağından tutmuş mobil telefona kimi!
Ümumilikdə aldıqlarımın ümumi dəyəri təxmini 110-120 manat idi. Saytda ən çox bəyəndiyim şeylərdən biri də qiyməti 1000 milə qədər çoxlu seçimin olması idi. Çünki min mili toplamaq olduqca asandır.