Tanınmış hüquqsünas, bank mübahisələri üzrə ekspert Əkrəm Həsənov bank və maliyyə sektoru ilə bağlı statistik göstəricilərə münasibətini açıqlayıb.
Eləcə də bax: İşçilər bir yerdə ortalama 4,6 il işləyirlər - STATUS
FED.az xəbər verir ki, ekspert yazır:
Maliyyə rəsmilərimiz əhalini mat-məəttəl qoyub.
Fiskal orqanlar deyir ki, ötən illə müqayisədə bu ilin 6 ayı ərzində daha çox vergi yığılıb. Camaat da çaşbaş qalıb ki, karantin dövründə işgüzarlıq azalıbsa, vergi yığımı necə artıb. Mərkəzi Bank isə deyir ki, ötən ay ərzində əmanətlər artıb, problemli kreditlər isə azalıb. Camaat da çaşbaş qalıb ki, axı böhran dövründə bu necə ola bilər.
Bu tapmacaların açması məndən:
1. Vergi yığımı rüblük cari vergi ödəmələri (Vergi Məcəlləsinin 151-ci maddəsi) hesabına artıb. Məsələ burasındadır ki, sahibkarlar rübdə bir dəfə vergini cari ilin deyil, ötən ilin göstəricilərinə əsasən ödəyirlər. Hər ödəmənin məbləği əvvəlki vergi ilində hesablanmış vergi məbləğinin 1/4 hissəsini təşkil edir. Məsələn, ötən il 40000 manat vergi ödəmiş sahibkar, bu ilin hər rübündə 10000 manat vergi ödəyir. Yəni belə sahibkar bu ilin 6 ayı ərzində artıq 20000 manat vergi ödəyib. Halbuki, karantin dövründə ola bilər ki, nəinki mənfəətsiz işləyib, bəlkə də hətta zərərə düşüb. Təbii, bu minvalla ilin sonunda artıq ödənilmiş vergi hesabına dövlətin həmin sahibkara borcu yaranacaq. Yəni il ərzində ödənilmiş vergilər hələ o demək deyil ki, dövlət büdcəsi həmin vəsaiti qazanıb. Hələlik bu, borcdur. Bunun real nəticəsi ilin sonunda bəlli olacaq.
2. İyun ayında əmanətlər cüzi olaraq onun hesabına artıb ki, həmin ayda bağlanmış 4 bankın əmanətçilərinə kompensasiya ödənilməsinə başlanılıb. Kompensasiya fəaliyyətdə olan banklardakı hesablara köçürülüb. Bu da formal olaraq həmin bankların əmanətlərinin artması hesab edilib. Çünki bəzi əmanətçilər pulu həmin banklardan çıxarmağa hələlik macal tapmayıb (bank filialları qarşısında növbələri hamı görür).
Problemli kreditlər son aylarda formal olaraq ona görə azalıb ki, aprel-may aylarında 4 bank bağlandı. Onların problemli kreditləri də artıq bank sisteminin hesabatlığında nəzərə alınmır. Necə deyərlər, bank yoxdursa, problem də yoxdur!