İş adamı, biznes təlimçi və konsultant Elvin Dadaşsoy tez-tez rast gəlinin hallarda sadə işgüzər etiket qaydaları barədə fikirlərini bölüşüb:
Eləcə də bax: Cəlbedici namizəd olmaq üçün - CV NECƏ OLMALIDIR? - 8 ƏSAS QAYDA
1. Təzə tanış olduğun adamlara uzun whatsapp səsləri göndərmə. Mesajını zəhmət çəkib yaz. Səs göndərmək onun, yazmaq isə sənin zamanını alır. Yazdıqda qarşıdakı adamın zamanına dəyər vermiş olursan.
2. Öz şəxsi problemlərini, arzularını, ideyalarını uzun-uzadi, dalbadal bir adama (adamlara) danışırsansa, aradabir bu sualı özünə ver:
- Bu danışdığımın o adama nə faydası var? Ümumiyyətlə bu söhbətə onun nəsə dəxli varmı?
3. Tədbirlərdə səhnədə kimsə danışırsa, ona qulaq asmağa çalış. Məclisdə,iclasda kimsə danışırsa, onu dinlə. Danışan adam üçün bu çox əhəmiyyətli olur. Çıxış edən adam kimin diqqətlə qulaq asdığını, kiminsə vecsiz davrandığını o saat sezir.
4. Tədbirlərdə kofe breyk (yemək) verirlərsə, nə gəldi yemə. Bura qarın doydurma fürsəti deyil. Adətən yeməklər etika xətrinə qoyulur. Biraz ac qalmaqla dünya dağılmaz.
5. "Bu adamdan mənə nə fayda?"- düşünərək əlaqə qurmağa calışırsansa, gec tez tək qalacaqsan. Uzunmüddətli dostluqlar heç bir geri fayda düşünmədən, heç bir statusa əhəmiyyət vermədən qurulan münasibətdən yaranır. İnsanlar potensial pul ağacı deyil.
6. Olduğun yerdə ol. Fikrin qarşıdakı adamda olsun. Əgər fokusun onda deyilsə, yaxşısı budur üzr istə və başqa vaxt söhbət et.
7. Tədbirlərə vaxt öldürməyə, qarın doydurmaga getmə. Faydalı olacaqsansa, və ya fayda götürəcəksənsə get.
8. Tədbirlərdə olduğun kimi görün. Gec ya tez fal olduğun ortaya çıxacaq əks halda. Səmimi ol. Səmimiyyət xarizmanın əsasıdır.
9. Seçilmək istəyirsənsə, bir kənarda durub, sərt baxışlarla əlində qədəh tutan, ov axtaran "cool boy" və ya hava atan "cool lady" obrazından çıx. Gülümsə, insanlarla söhbət et. Yeni tanışlıqlar qur.
10. Yeni tanış olduğun insanlara tədbirdən sonra səmimi xatırlatma mesajı göndər. Qarşıdakı həftələrdə növbəti görüş təyin et. Əks halda tanış olmanın heç bir mənası yoxdur. Dərininə inkişaf edən 1 tanışlıq, sadəcə vizit alınıb cibə qoyulmuş 10 tanışlıqdan daha faydalıdır.
11. Kimliyindən asılı olmayaraq insanlara ilk dəfədən "sən" deyə müraciət etmək olmaz. Səmimilik sərhəddini qarşıdakı insandan asılı olaraq zamanla təyin et.