2024-cü il yanvar-iyun aylarında Gəncə şəhərində sənayenin vəziyyəti haqqında məlumatlar açıqlanıb.
Gəncə Şəhər Statistika İdarəsindən FED.az-a verilən məlumata görə, 2024-cü ilin yanvar-iyun aylarında Gəncə şəhərində fəaliyyət göstərən sənaye müəssisələri və fiziki şəxslər tərəfindən faktiki qiymətlərlə 299,0 milyon manatlıq sənaye məhsulu istehsal edilmiş və sənaye xarakterli xidmətlər göstərilmişdir. Məhsulun və xidmətlərin 66,5 milyon manatı və yaxud 22,2 faizi dövlət sektorunun sənaye müəssisələri, 232,5 milyon manatı və yaxud 77,8 faizi qeyri-dövlət sektorunun sənaye müəssisələri və fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan təsərrüfat subyektləri (fiziki şəxslər) tərəfindən istehsal edilmişdir.
Emal sektorunun müəssisələri tərəfindən 231,6 milyon manatı və yaxud 87,3 faizi qeyri-dövlət sektoruna aid olmaqla 265,4 milyon manatlıq məhsul istehsal edilmiş və sənaye xarakterli xidmətlər göstərilmişdir. Bundan 63,1 milyon manat qida məhsulları istehsalı, 8,6 milyon manat içki, 134,5 milyon manat metallurgiya sənayesi məhsulları, 33,8 milyon manat avtomobil, qoşqu və yarımqoşquların istehsalı və 25,4 milyon manat digər məhsulların istehsalı təşkil edib.
Cari ilin yanvar-iyun ayları ərzində 43,7 min ton un, 14,2 ton makaron, 108,7 min dekalitr araq, 67,7 min dekalitr şərab, 308 ədəd traktor, 134 ədəd MAZ yük avtomobili, 8380,4 ton emal edilməmiş alüminium ərintiləri (ilkin şəkildə), 602 ədəd elektron, 222857 ədəd mexaniki su və qaz sayğacları istehsal edilib.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunun müəssisələri tərəfindən 2024-cü il yanvar-iyun ayları ərzində 20,3 milyon manatlıq, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda 12,6 milyon manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilib.