2022-ci ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 17,1 faiz üstələyərək 35,6 mlrd. manata bərabər olub.
Eləcə də bax: Azərbaycanda orta aylıq əmək haqqı 14%-dən çox - ARTIB
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ticarət dövriyyəsinin 20 mlrd. manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 15,5 mlrd. manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılmış məhsulların dəyəri 2021-cı ilin yanvar-sentyabr aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 2,3 faiz və 3,6 faiz üstələyib.
Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 56,3 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 13,5 faizi toxuculuq məhsulları, geyimlər və ayaqqabıların, 5,2 faizi elektrik malları və mebellərin, 5,7 faizi avtomobil yanacağının, 2,3 faizi əczaçılıq və tibbi malların, 1,0 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,0 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 392,7 manat və ya 2021-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 55,9 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 221,1 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 171,6 manatlıq qeyri-ərzaq məhsulları alıb. (Apa)