Bu ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 23% artaraq 720 manat təşkil edib.
Eləcə də bax: Bakıda maaşlar iki aydır azalır – 1000 Manatdan Aşağı Düşdü
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.
Ötən ilin eyni dövrü ilə müqayisədə maaşları artımına baxmayaraq, son 3 ayda ölkədə əmək haqlarının ardacıl azalması baş verir.
FED.az xatırladır ki, bu il Azərbaycanda orta əmək haqqının ən yüksək göstəricisi mart ayının sonunda olub – 744,5 manat. Bundan sonra ötən 3 ay ərzində maaşlar pandemiyanın səbəbindən azalmaqdadır.
Belə ki, orta aylıq əmək haqqı aprelin sonnuda 736,2 manat, mayın sonunda 728,9 manat, iyunun sonnuda isə 720 manat təşkil edib.
İyulun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 81,4 min nəfər və ya 5% artaraq 1695,1 min nəfər olub. Onlardan 922,1 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 773,0 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Muzdla işləyənlərin 19,5%-i təhsil, 18% ticarət; nəqliyyat vasitələrinin təmiri, 13%-i sənaye, 8,2%-i tikinti, 8%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,6%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,5%-i nəqliyyat və anbar təsərrüfatı, 3,5%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,4%-i peşə, elmi və texniki fəaliyyət, 1,7%-i maliyyə və sığorta fəaliyyəti, 13,6%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.