2022-ci ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 35 milyard 553,1 milyon manatlıq, o cümlədən 20 milyard 14,1 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 15 milyard 539,0 milyon manatlıq qeyri-ərzaq malları satılmışdır.
Eləcə də bax: Əhali bu il ərzağa 20 mlrd. manat - XƏRCLƏYİB
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2021-ci ilin yanvarsentyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 2,9 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,3 faiz, qeyri-ərzaq malları üzrə 3,6 faiz artmışdır.
2022-ci ilin yanvar-sentyabr aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 51,7 faizi ərzaq məhsullarının, 4,6 faizi içkilər və tütün məmulatlarının, 13,5 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,7 faizi avtomobil benzini və dizel yanacağının, 5,2 faizi elektrik malları və mebellərin, 2,3 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,0 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,0 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunmuşdur.
2022-ci ilin yanvar-sentyabr aylarında qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 2,9 faiz artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,7 faizini təşkil etmişdir.
2021-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 3,5 faiz, fərdi sahibkarlar üzrə 1,9 faiz, bazar və yarmarkalarda isə 4,2 faiz artmışdır.
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 392,7 manatlıq, o cümlədən 221,1 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 171,6 manatlıq qeyri-ərzaq malları almışdır. (Marja)