Son illər Azərbaycanda dövlət səviyyəsində startap ekosisteminin inkişafına böyük diqqət ayırılır.
Bunun nəticəsidir ki, maraqlı ideyaları ilə ortaya çıxan insanların sayı getdikcə artır.
Adətən bu ideyalar dövlət və özəl qurumların keçirdikləri startap müsabiqələrində təqdim olunur. Və təbii ki, onların arasında da seçim edilir, 1-2 startapın sahibi qalib elan olunur.
Bununla belə, ideya sahibləri iddia edir ki, qalib elan olunmayanların startapları heç də bir kənara atılmır, bir qədər sonra olduğu kimi və yaxud müəyyən düzəliş edilməklə 3-cü şəxslərə ötürülür. Başqa sözlə, ideya oğurlanır. Yəni, məşhur məsəldəki kimi, söz (ideya) ağızdan çıxdı, sənin deyil.
"İdeyanın müəllif hüququ yoxdur"
FED.az xəbər verir ki, "Azərbaycan İnternet Forumu" İctimai Birliyinin prezidenti, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəklədiyi “Startap Azərbaycan” layihəsinin Ekspert Şurasının üzvü Osman Gündüz hesab edir ki, startap sahiblərinin kimisə ideyalarını oğurlamaqda ittiham etməsi düzgün deyil.
Eləcə də bax: 200 dollardan 6 milyard dollara qədər – «Personio» STARTAPININ TARİXİ
"İdeyanın müəllif hüququ yoxdur. Yəni, ideya hamının başında ola bilər. Onun qeydə alınması nə Azərbaycanda, nə də başqa ölkələrdə var. Qanunvericilik bunu tənzimləmir. Amma ideya hansısa bir layihəyə çevrilibsə, onun biznes planı hazırlanıbsa, o zaman layihəni qeydiyyata salıb müəllif hüququ statusu əldə etmək olar.
Dünya təcrübəsi göstərir ki, əgər ideyan varsa, tez onu həyata keçirib iş görməlisən. Yeganə üstünlük budur. Çünki hesab olunur ki, bu ideya başqasında da ola bilər. Ən doğru yol ideyanı layihəyə çevirib maliyyələşdirmək, qeydiyyata alıb müəllif hüququ statusu almaqdır”, - deyə o, qeyd edib.
"Hər şeyi patentləşdirmək olmur"
Hüquqşünas Əkrəm Həsənov da hesab edir ki, ideyaya patent almaq real deyil: "Hər şeyi, o cümlədən ideyanı patentləşdirmək olmur. Söhbət yalnız konkret layihədən gedirsə və kimsə onun istifadə edilməsini istəmirsə, patent almalıdır. Əgər almırsa, onun oğurlandığını heç cür sübut edə bilməz. Layihə qeydiyyata alınmayıbsa, bu işə heç baxılmır. Bu ona oxşayır ki, kimsə birinə biznes ideyasını verir, o da gedib həmin ideyanı həyata keçirir. Müəlliflik hüququ konkret əsərə aiddir. Film çəkir, musiqi bəsləyir. Artıq hamı bilir ki, əsər həmin adamındır, onu təkrarlamaq olmaz".
Əqli Mülkiyyət Agentliyində deyirlər ki ...
Əqli Mülkiyyət Agentliyindən də "Report"a bildirilib ki, ideyalar müəllif hüququ ilə qorunmur: “Yazılı formada olan layihələri qeydiyyatdan keçirmək olar. Əgər qeydiyyatdan keçirə bilmirlərsə, yəqin ki, orada orijinallıq yoxdur. Yalnız orijinallıq varsa, layihə agentliyə təqdim olunur, ekspert şurası onu araşdırdıqdan sonra qeydiyyat barədə qərar qəbul edilir".
Bir sözlə, əgər maraqlı ideyanız varsa, bunu dərhal layihə formasına salıb qeydiyyatdan keçirməyə - patentləşdirməyə çalışın. Əgər bunu edə bilmirsinizsə, ideyanızı bacardıqca az adamla bölüşün ki, onu oğurlamasınlar. (Report)