Azərbaycanın aparıcı idman aqreqatoru “Push30” Özbəkistan bazarına da çıxdı.
FED.az xəbər verir ki, Azərbaycanda böyük uğur qazanmış bu startap cari ilin 1 may tarixindən Özbəkistanın paytaxtı Daşkənd şəhərində də fəaliyyətə başlayıb.
2019-cu ildə təsis edilmiş “Push30” pandemiya səbəbindən yalnız 2021-ci ildən aktiv fəaliyyətə başlayıb. Bu illər ərzində “Push30” özünü Azərbaycanda idman sahəsinin əsas oyunçusu kimi təsdiqləyib. Şirkətin şəbəkəsinə 200-dən çox idman mərkəzi və 18 000 istifadəçi daxildir. “Push30”, həmçinin yerli və dünyaca məşhur brendlər də daxil olmaqla 2000-dən çox şirkətlə əməkdaşlıq müqaviləsi imzalayıb.
Şirkətin ekspansiyası üçün Özbəkistandakı tərəfdaşlar artıq 500 min Dollar məbləğində investisiya ayırıb. Daşkəndin 50 aparıcı idman mərkəzi ilə müqavilələr imzalanıb və yaxın gələcəkdə daha çox mərkəzlərlə əməkdaşlıq əlaqələrinin qurulması, eləcə də digər ölkələrə də fəaliyyətin genişləndirilməsi planlaşdırılır.
“Startapımızın Özbəkistanda fəaliyyətə başlamasından məmnunuq. Komandamız “Push30”un Azərbaycanda aparıcı idman aqreqatoruna çevrilməsi üçün çox çalışıb və xidmətlərimizi yeni bazara çıxarmağa hazırıq. İdman və sağlam həyat tərzini təbliğ etmək üçün Özbəkistandakı tərəfdaşlarımızla əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik”, - deyə “Push30”un Baş direktoru Adil Qasımov bildirib.
A.Qasımov 2010-2011-ci illərdə Birləşmiş Krallığın Ekseter Universitetində “Biznes İqtisadiyyatı” üzrə təhsil alıb, 2011-2015-ci illərdə Londonda Siti Universitetində “Biznes Kompüter Sistemləri” ixtisası üzrə bakalavr, 2015-2016-cı illərdə isə həmin universitetin “İnformasiya Sistemləri və Texnologiyaları” ixtisası üzrə magistr təhsili alıb.
O, tələbə illərindindən etibarən sahibkarlıq fəaliyyətinə böyük marağının olduğunu və 20 yaşından fərqli sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu bildirib. Təcrübəli sahibkar və “Kapital Bank”da "Synergy Squad"ın keçmiş rəhbəri Adil Qasımov, tərəfdaşları Rəhim Bayramov, Rahul D'Mello və Rəşad Tağıyevlə birlikdə “Integrity Group”u təsis edib.
“Push30”un yaxın gələcək üçün planı Türkiyə, Gürcüstan, Qazaxstan, Yaxın Şərq və Hindistana ekspansiya edərək sağlam həyat tərzinin inkişafına dəstək verən böyük bir şəbəkəyə çevrilməkdir.