Dünyada son illər davam edən sürətli texnoloji inqilab az qala istənilən problemi həll etməklə biznes qurmağa imkan verib. Nəticədə uğurla tapılan texnoloji həllər perspektivli startapa çevrilir.
Azərbaycan bu sahədə qonşu ölkələrdən hələlik geri qalsa da, uğurlu təcrübələr yetişməkdədir. Bunlardan biri iki gənc dost – Rauf Heydərli və Riyad Həsənovun yaratdığı «Recepta» startapıdır.
Rauf daha əvvəl “Amazon”, “Hitachi” və “İntelsat” kimi şirkətlərdə çalışıb, Riyad isə Xaricdə təhsil dövlət proqramının məzunlarındandır.
“Linkedin”, “TikTok”, indi də “Meta” - UĞUR HEKAYƏSİ - MÜSAHİBƏ
«Recepta» adı ilk baxışdan tibbi xatırlatsa da, səhiyyə ilə əlaqəsi yoxdur, bu - kağız çeklərin rəqəmsal varianta çevrilməsi üzrə startapdır. Onun üstünlüklərini həm Azərbaycanda, həm də xaricdə investorlar dərhal qiymətləndiriblər.
Rauf və Riyadın yaratdığı və artıq ABŞ-da, Virciniyada və Puerto Rico-da ofisini açmış startapın hazırda 25 milyon dollar dəyəri var və bu rəqəm sürətlə artır, bir neçə ay əvvəl startapın bazar dəyəri 10 milyon dollar idi...
FED.az-ın suallarını «Recepta»nın baş direktoru Fuad Heydərli cavablandırır:
- Fuad bəy, «Recepta» startapı necə işləyir? Startap, biznes nəyin üzərində qurulub?
- «Recepta» kağız qəbzləri digital qəbzlərlə əvəz edən bir platformadır. Hansı ki, nağdsız ödənişlər həyata keçirərkən sizin qəbzi birbaşa olaraq ödənişi keçirdiyiniz bankın mobil tətbiqinə göndəriləcəkdir və oradan bir düymə ilə ƏDV geri ala biləcəksiniz. Azərbaycanda layihəni Dövlət Vergi Xidməti ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçiririk.
- Yəni mən mağazada alış-veriş edəndə qəbzi alıram, sonra telefonuma tutub scan edirəm?
- Xeyr, sizin hər hansısa bir qəbzi alaraq skan etməyinizə ehtiyac yoxdur. Siz alış-veriş edərkən, nağdsız şəkildə, bank kartı vasitəsilə ödəniş etdikdə sizin qəbziniz avtomatik olaraq birbaşa sizin bankınızın mobil tətbiqinə göndəriləcək.
- Yəni müştərilər bundan faydalanmaq üçün sizin tətbiqi yükləməli deyillər, eləmi?
- Xeyr, prosedur yalnız kartınızla alış-veriş edərkən ödədiyiniz bank vasitəsi ilə həyata keçirilir. Bank tətbiqində “Recepta” əlavəsini aktiv etmək kifayətdir ki, müştərilər bizim bütün xidmətlərimizdən faydalansınlar.
- Bu yeniliyin, yəni «Recepta»nın fəaliyyətə başlamasının əsas faydası nədir?
- İlk növbədə bu yenilik kağız qəbzlərin istifadəsini azaldır, hansı ki ətraf mühitə böyük töhvədir. Məsələn, siz ödəniş edərkən kağız qəbz alırsınız, onu proqramda oxudursunuz və sonra zibil qutusuna atırsınız. Terminalın içindəki kağızı isə mağazalar üçün əlavə xərcdir. Rəqəmsal qəbzlərlə xərclərinizə daha rahat nəzarət edə bilər, aylıq hesabatlarınızı izləyə bilərsiniz.
- Onda bu yenilikdə mağazalar da maraqlı olacaqlar?
- Əlbəttə, baxın, şlkəmizdə hər bir orta sahibkar qəbz kağızlarına illik ortalama 3-5 min manata yaxın yaxın pul xərcləyir. Ümumilikdə isə ölkəmizə illik 50+ milyon manatlıq kağız çek idxal olunur, yəni “Recepta”nın tətbiqi iqtisadiyyata da böyük töhvə verəcək.
- «Recepta»nın xidmətindən hansı bankların tətbiqində istifadə etmək mümkün olacaq?
- Aparıcı bank tətbiqləri olan «ABB mobil», «BirBank», «LeoBank» və digər bankların hamısında «Recepta»nın tətbiqi nəzərdə tutulub, və hal-hazırda inteqrasiya prosesi gedir və qısa zamanda yekunlaşıb, istifadəçilərin istifadəsinə veriləcək.
- Fuad bəy, bu xidmətdən banklar necə faydalanacaqlar? Çünki mən müştəri olaraq kartla ödəniş edəndə, onsuz da bankın proqramına girib qəbzi oxuduram. Bank burada nə əldə edir?
- Banklar üçün «Recepta»nın ən böyük üstünlüyü odur ki, bank öz müştərisinə xidmət verir ki, siz artıq bütün alış-verişinizi, bütün xərclərinizin çekini bank tətbiqində görəcəksiniz. İkinci bir proses isə ƏDV-ni çeki skan etmədən geri ala bilmək üstünlüyüdür. Hansı ki, bütün banklar üçün bir ilkdir, və böyük müştəri məmnuniyyəti yaradacaqdır.
- Necə oldu ki Azərbaycanda başlamaq qərarına gəldiniz və sizdən başqa bu xidməti göstərən şirkət varmı?
- İlk dəfə layihəni ölkəmizdə 2020ci ildə keçirilən «Teknofest»də təqdim etdik və qalib olduq. Sonra, biz layihəni İqtisadiyyat Nazirliyi və onun yanında Dövlət Vergi Xidmətinə təqdim etdik, və böyük dəstək aldıq. Hal-hazırda bu xidməti göstərən yeganə şirkət bizik.
- Fuad bəy, «Recepta» üçün hədəf yalnız Azərbaycan bazarıdır?
- Xeyr, biz həm yerli bazarda, həm Amerika Birləşmiş Ştatlarında işləyirik və yaxın zamanda Puerto Rico və Türkiyə bazarına da daxil olmağı hədəfləmişik. Puerto Rico-da dövlət layihəni həyata keçirməyimiz üçün qrant ayırmış, və köməklik göstərir. Türkiyə də isə VİSA İnnovasiya proqramına seçilmiş və yerli partnyorlarla danışıqlarımız gedir.
- Amerikada işləriniz hansı mərhələdədir, artıq xidmət göstərməyə başlamısınız?
- Bəli, Amerikada tətbiqimizin beta (test) versiyasını istifadəyə vermişik, bazar böyük və fərqli olduğu üçün orada başqa model tətbiq edirik. Azərbaycanda DVX çekləri artıq rəqəmsallaşdırdığı üçün daha rahatdır, ABŞ-da çekləri həm rəqəmsallaşdırır həm də mobil tətbiqə göndəririk. Hazırda Walmart ilə danışıqlar gedir, razılıq əldə edilib, indi xidmətə başlamaq üçün texniki məsələlər həll edilir. Eləcə də ABŞ-da əlavə bir neçə şirkət var ki, onlarla da danışıqlar aparırıq.
- ABŞ bazarının həcmi böyükdürmü?
- Hal-hazırda biz belə deyək, Amerika bazarında sahibkarlar kağız çeklərə illik dörd milyard dollara yaxın bir vəsait xərcləyir.
- Fuad bəy, hazırda startap olaraq «Recepta»ya yeni yatırım lazımdırmı, yəni kənardan investisiya cəlb etməyə ehtiyacınız varmı?
- Hal-hazırda yatırım yox, digər ölkələrə çıxış üçün müəyyən partnyorlar axtarırıq. Yatırım üçün ilin sonunda yeni bir raund elan etmıyi planlayırıq.
- Bəs indiyədək startapa nə qədər vəsait cəlb etmisiniz?
- Bəli, pre-seed mərhələsində ümumilikdə 850 min dollarlıq yatırım və qrant almışıq. Avropa Yenidənqurma və İnkişaf Bankı və “Paşa Holdinq” layihəmizə ilk dəstək verən şirkətlərdir.
- Hazırda «Recepta»nın startap olaraq qiyməti nə qədərdir?
- Bir neçə ay əvvəl 10 milyon dollar idi, sonuncu qiymətləndirmədən sonra isə 25 milyon dolları ötmüşdür.
- Fuad bəy, hazırda şirkətin, statapın işi ilə bağıl probleminiz, hər hansı çətinlik və ya həll etməyə çalışdığınız bir məsələ varmı?
- Xeyr. Həm yerli şirkətlərin həm də dövlətin startuplar üçün açıq olan bir mühit qurduğunu görmək sevindiricidir. Biz bir çox məsələlərdə DVX, KOBİA, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Azərbaycan Beynəlxalq Bankı, “Paşa Holdinq”, “Kapital Bank” və digər yerli şirkətlərdən dəstək alırıq.