Azərbaycanda daha 11 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib.
Bu barədə FED.az-a İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) məlumat verilib.
Bildirilib ki, şəhadətnamə almış KOB subyektlərindən hamısı mikro, 3-ü qadın sahibkardır. Layihələrin əksəriyyəti xidmət sektorunu əhatə edir.
KOBİA tərəfindən “Startap” şəhadətnamələri "Think" MMC-nin gözəllik xidməti və məhsulların satışı üçün onlayn marketpleys, "Hellojob" MMC-nin onlayn iş elanları platfoması, Ramil Qədirovun saxlama seyflərinin avtomatik idarə edilməsi üçün aparat-proqram kompleksi, "S2J İNC." şirkətinin avtomobil paylaşımı (icarə) üçün mobil tətbiqi, "Allin.Us" MMC-nin onlayn sorğu platforması, "Mərtəbələr" MMC-nin daşınmaz əmlak alqı-satqısının asanlaşdırılması üçün elektron platforması, "Telsat" MMC-nin mobil telefonların satışı üzrə onlayn platforması, “Hirpo” MMC-nin işçilərin xidməti fəaliyyətinin ölçülməsi və idarə edilməsi platforması, “Flash Expo” MMC-nin sərgi və yarmarkalarda iştirakın məsafədən təşkili üçün onlayn platforması, "All Fitness" MMC-nin fitness klublara abunəlik və dəqiqə hesabı qoşulmaq üçün platforması və "Metatesk" MMC-nin onlayn təhsil platforması layihələrinə təqdim edilib.
Bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 105-ə çatıb.
“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.
Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı linkdən tanış olmaq olar: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi