İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir etməyə görə yeni cəza veriləcək.
FED.az xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinin 148-1-ci maddəsinə (İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir etmə) dəyişiklik təklif edilir.
İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etməyə görə 1 ilədək azadlığın məhdudlaşdırılması cəzası veriləcək.
Hazırkı qanunvericilikdə isə aşağıdakı kimi qeyd edilib:
“İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli bildirib ki, sosial şəbəkələrə nəzarət etmək olduqca çətindir.
“Bu gün dünyada milyardlarla sosial şəbəkə istifadəçisi var. Azərbaycanda isə sosial şəbəkələrdə milyonlarla insan iştirak edir. Hesab edirəm ki, internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir etməyə görə cinayət işi müraciət əsasında baş tutacaq. Bununla bağlı konkret orqan isə yoxdur. Cinayət işi vətəndaşın müraciət etdiyi qurum əsasında başlana bilər. Bu, prokurorluq və ya daxili işlər orqanları ola bilər”.