Bu tendensiya davam etsə, Bakıdakı mənzillərin yarısı, İstanbuldakı kimi, kirayənişinlərlə dolu olacaq.
FED.az xəbər verir ki, kirayə qiymətlərinin artımı bu il xüsusilə nəzərəçarpan olub.
“Bahalaşmanın səbəbi, tələblər kimlərdən gəlir?”, “Qarşıdakı illərdə bazarı nə gözləyir?” kimi suallara cavab tapmağa çalışacağıq.
Yenidən şəhərə!
2015-ci il devalvasiyasından sonra “şəhərdən kəndə” şüarı gündəmə gəlsə də, bu, çox uzun sürmədi. Bakıda kirayə bazarındakı artan qiymətlər yenə də kəndin şəhərə köçdüyünü göstərir. Üstəlik, turistlərin sutkalıq verilən evlərə tələbatları artdığından qiymətlər üzü yuxarı gedir.
Paytaxtın kirayə bazarında qiymətləri tələbat formalaşdırır. Qiymət artımı isə 100-150 manat civarındadır. Bəs, tələbat niyə artıb?
1. Köhnə binalar sökülür, yeniləri az tikilir;
2. İş yerləri yenə də paytaxtda cəmlənib;
3. Orta qiymət seqmentində mənzil təklifi azdır;
4. Turist axını əmlak bazarındakı vəziyyətə birbaşa təsir edir.
Hər il 60 min ailə kirayə bazarına üz tutur
Artıq iki ildir ki, inşaat sektorunun ÜDM-dəki payı 5 faizi ötmür. Halbuki, vaxtilə bu göstərici 35 faizin üstündə idi. Rəqəmlərə görə, il ərzində 20-25 min ev tikilir. Müqayisə üçün deyək ki, hər il Azərbaycanda 80 min nikah qeydə alınır.
Əmlak bazarı üzrə ekspert Ramil Qasımzadənin sözlərinə görə, potensial olaraq, hər il 60 min ailə kirayə bazarına üz tutur.
Bundan başqa, kirayə bazarının 20 faizini tələbələr təşkil edir. Azərbaycanda işləyən xarici ölkə vətəndaşlarının bu bazardakı payı 10 faiz təşkil edir. Halbuki bu faiz əvvəllər 20 faizin üstündə idi.
Son illər Azərbaycanda xarici şirkətlərin sayının azalması və əmək bazarında yerli kadrların yetişməsi xarici kirayənişinləri azaltdı. Kirayə bazarında ailəsi rayonda yaşayan, özü Bakıda çalışan işçi heyətinin də çəkisi az deyil.
Əvvəllər ailəsi ilə birlikdə kirayədə yaşayan region sakini indi bir neçə iş yoldaşı ilə birlikdə kirayə qiymətini bölüşərək məskunlaşmağa çalışır. Nəticə olaraq, hazırda Bakıda birotaqlı mənzili 300 manata tapmaq müşkül məsələdir.
Yeni və köhnənin fərqi
Hazırkı iqtisadi vəziyyət yeni binada evi olanlara təmirlə bağlı problem yaradıb. Üstəlik, bu binalarda bağban, mühafizə, parkinq kimi xidmətlərin dəyərini toplasaq, elə bunların qiyməti 50 manatdan baha başa gəlir. Ona görə də kirayə mənzil axtaranların əksəriyyəti 1960-1985-ci illərin binalarına üz tuturlar.
Köhnə binalarda qiymətlər aşağıdakı kimidir:
bir otaqlı – 300-350 manat;
iki otaqlı – 350-500 manat;
üç otaqlı – 600-800 manat.
Yeni binalarda qiymət əksər hallarda 1000 manatdan başlayır. Amma bu binalara kirayənişin tapmaq çətindir. Ona görə də yeni binaların gündəlik qiymətlə kirayə verilməsi daha yaxşıdır.
Dəbdəbəli hotellərdə qalmağın nə mənası?
Kirayə bazarında yenilik olan turistlərin tələbatı qiymətlərin bahalaşmasında xüsusi rol oynayır. Bakı sakinləri İKT-nin yeniliklərindən istifadə edərək, artıq evlərini internet vasitəsilə istifadəyə verirlər.
Belə ki, evlərin kirayəsi üzrə turistlər üçün axtarış sistemlərinə də qoşulublar. Artıq “Booking” kimi saytlarda təkcə Bakıdakı deyil, turizm rayonlarındakı evlərin sutkalıq qiymətləri də yer alır.
Ramil Qasımzadənin sözlərinə görə, satışlar yaxşı gedir. Turistlər sutkalıq qiymətlərlə ev götürməkdə maraqlıdırlar.
Səbəbinə gəlincə, birincisi, hotellər turistlərin ehtiyacını tam ödəyə bilmir. Bakıdakı və regiondakı hotellərin bir sutkalıq qiyməti 100-150 manatdan yuxarıdır, hostellərin isə sayı azdır deyə tələbatı ödəmir. Digər tərəfdən, turistlərin çoxu qısa müddət üçün gəlir və onların əsas məqsədi paytaxtı gəzib-dolaşmaqdır. Ona görə də dəbdəbəli hotellərdə qalmağın heç bir mənası yoxdur. Amma belə templə davam etsə, kirayə evlərin sutkalıq qiymətləri hotellərin qiymətinə çatacaq.
“İndi Bakıda şəhərin mərkəzinə yaxın evləri sutkalıq 60 manatdan ucuz tapmazsınız, halbuki əvvəllər 30 manat idi”, - deyə R.Qasımzadə vurğulayıb.
P.S. Beləliklə, Bakının meqapolisə çevrilməsi davam edir, paytaxtın əmlak bazarındakı iki il əvvəlki qiymət düşməsi yenidən bahalaşma ilə əvəzlənir, xüsusən də qarşıdakı illərdə kirayə bazarıтdakı qiymətlərin qalxması proqnozu özünü doğrultmağa başlayır.