Azərbaycanda məşğulluğun təmin edilməsi üzrə yaradılmaqda olan yeni sistemdə həm işsiz və iş axtaran vətəndaşlar, həm də boş vakansiyalar əks olunacaq.
FED.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində əhalinin səmərəli məşğulluğunun təmin olunması, işsiz və işaxtaran şəxslərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı nazirlikdə yaradılmış İşçi Qrupunun iclasında bildirilib.
İclasda nazir Sahil Babayev bildirib ki, yeni qüvvəyə minmiş “Məşğulluq haqqında” qanunda məşğul şəxslərin vahid informasiya bazasının yaradılması üçün onların reyestrinin elektron formada aparılması, həmçinin işəgötürənin boş olan və işçi tələb edilən iş yerləri, habelə yeni yaradılan iş yerləri üzrə elektron informasiya ehtiyatı kimi vakansiya bankının yaradılması və s. Hallar nəzərdə tutulub.
Yeni qanuna əsasən, işsiz və işaxtaran şəxslərin qeydiyyata alınması proseduru da elektron qaydada həyata keçiriləcək.
Özünüməşğulluq proqramının əhəmiyyətindən danışan S.Babayev deyib ki, bu proqramla işsiz və işaxtaran şəxslərin ailə bizneslərini qurması, əmək potensiallarının reallaşdırılması yolu ilə gəlirlərini artırması, həmçinin kiçik və orta sahibkarlığın inkişafı təmin olunur.
İlin sonuna qədər ən azı yeddi min ailənin bu proqrama cəlb edilməsi qarşıya qoyulmuş hədəfdir. Bununla bağlı məşğulluq orqanları qarşısında sərt tələblər qoyulub.