Bakının Badamdar qəsəbəsində sürüşmə baş verən ərazidəki mənzillərə təbii qazın verilişi dayandırılıb.
FED.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev məlumat verib.
İ.Kərbəlayevin sözlərinə görə, sürüşmə baş verən kimi ərazidə olan 11 fərdi evə təbii qazın verilişi dayandırılıb:
"Hazırda əməkdaşlarımız hadisə yerindədirlər. Günün sonuna qədər veriləcək qərarı gözləyirik. Qərardan asılı olaraq əraziyə qazın verilib verilməyəcəyi məlum olacaq".
Bu gün günorta saatlarında Badamdar qəsəbəsinin sürüşmə olan ərazisinə elektrik enerjisinin verilişi də dayandırılıb.
Qeyd edək ki, bu gün günorta saatlarında Bakının Badamdar qəsəbəsindən 20-ci sahəyə gedən yolun kənarındakı yamacda sürüşmə aktivləşib. Hadisə nəticəsində həmin yolda hərəkət məhdudlaşdırılıb və yamacda yerləşən 8 fərdi yaşayış evinin sahibinə evləri müvəqqəti boşaltmaq tapşırılıb.