Dünya sığorta ekspertlərinin rəyinə görə, stabil iqtisadiyyata malik ölkələrdə ÜDM-nin (ümumi daxili məhsul) minimum 2%-ni sığorta yığımları təşkil etməlidir. Bizim halda, yəni Azərbaycanın ÜDM-həcminin 2016-cı ildə 63 mlrd. manat olduğunu nəzərə alsaq, Azərbaycan sığorta bazarının həcminin minimum 1,2 milyard manat təşkil etməsi məntiqlidir. Ötən ilin nəticəsinə görə, sığorta bazarının 485 mln. manat olmasını nəzərə alsaq, bu göstərici ÜDM-nin 0,8% olduğunu göstərir.
Hazırda Azərbaycan sığorta bazarında toplanan qeyri-həyat sığorta məhsulları üzrə mükafatlar əsasən icbari sığorta növlərinin, qismən isə könüllü sığorta növlərinin hesabına formalaşır. Həyat sığorta bazarında isə bu nisbət demək olar ki, 50/50 nisbətindədir. Yerli sığorta bazarını hazırda formalaşdıran əsas sığorta məhsulları aşağıdakılardır, bunların içərisində könüllü, eyni zamanda “yarı-icbari” məhsullar da mövcuddur:
Avtomobilin icbari sığortası, bu məhsulun satışı üzrə mövcud nəzarət mexanizminin olması, eləcə də DYP tərəfindən tətbiq edilən cərimələrlə əlaqədardır. Əmlakın icbari sığortasına isə əsasən kommersiya obyektlərinin sahibləri müraciət edirlər, evlərin və mənzillərin sahiblərinə gəldikdə isə onlar icbari əmlak sığortasına ancaq ya alqı-satqı vaxtı və ya da əmlakın bankda girova qoyulması zamanı notarius xidməti tərəfindən cəlb olunurlar.
Könüllü tibbi sığorta məhsulunun əsas alıcıları isə böyük və imkanlı kommersiya şirkətləridir, dövlət təşkilatları bu məhsula o qədər maraq göstərmirlər. İcbari tibbi sığorta məhsulu isə hələlik sınaq mərhələsindədir.
İcbari yerinə satılan könüllü növlər...
Avtomobilin könüllü sığortası məhsulu isə əsasən banklarda satılır. Başqa sözlə desək, müştəri avtomobili kreditə aldığında banklar həmin avtomobilin könüllü sığortalanmasını tələb edir.
Əmlakın könüllü sığortasına müraciət edənlər əsasən böyük kommersiya obyektlərinin (istehsal müəssisələri, hotellər, ticarət mərkəzləri, biznes mərkəzləri və s.) sahibləridir. Yaşayış evlərinin və mənzillərin könüllü sığortası daha çox həmin əmlakın bankda girov qoyulması zamanı baş verir.
Səyahət sığortasını daha çox “Şengen” müqaviləsi ölkələrinə səfər edənlər alır ki, bu da həmin ölkə səfirliklərinin viza xidməti təfərindən tələb olunur. Digər ölkələrə gedənlər isə bir qayda olaraq, səyahət sığortasını tur paketin tərkib hissəsi olaraq alırlar.
Göründüyü kimi, hətta könüllü qeyri-həyat sığorta məhsullarının satışı çoxluq olaraq, hər hansı bir “yarı-məcburiyyət” şəraitində baş verir.
Həyat sığortası məhsullarının satışı üzrə son illərdə bazarda müəyyən artım müşahidə olunur. Qeyd etmək lazımdır ki, həyat sığortası bazarı Azərbaycanda yenidir və əhalinin böyük əksəriyyəti həyat sığorta məhsullarından, xüsusilə “yığım sığortası” məhsulundan məlumatsızdır.
İcbari həyat sığortası (işəgötürənin məsuliyyət sığortası) məhsulu isə işəgötürənlər tərəfindən alındığı üçün bəzi əməkdaşlar bu məhsuldan xəbərsiz olur.
Sığorta mədəniyyətinin olması vacibdir
Bəzi hallarda “sığorta mədəniyyəti” dedikdə vətəndaşların çoxu bunu sığorta şirkətinin sığortalıya göstərdiyi xidmətin səviyyəsi ilə ölçürlər. Bəli, bu sığorta mədəniyyətinin tərkib hissəsi olsa da, daha vacib məsələlər var ki, sığorta mədəniyyəti kimi qəbul olunmalıdır. Sığorta mədəniyyəti ilk növbədə ölkə daxilində vətəndaşların sığorta xidmətlərinə laqeyd olmayan münasibətidir. Başqa sözlə desək, vətəndaşların sığorta xidmətlərinə könüllü olaraq müraciət etməsidir, vətəndaşların digər vacib olan illik xərclərini planlaşdırdığı kimi, illik sığorta xərclərinin də planlaşdırması və sığortanın faydasını başa düşərək müxtəlif sığorta məhsullarını könüllü olaraq əldə etməsidir. Sığorta mədəniyyətinin səviyyəsini hər bir ölkədə adambaşına toplanan sığorta haqqlarının (penetration) həcmi ilə də ölçmək olar. Bəzi ölkələrlə müqayisədə bu rəqəm ölkəmizdə fantastik dərəcədə aşağıdır.
Dünyanın 10 ən böyük sıgorta bazarı
Ölkənin adı | Sığorta bazarının həcmi (mlrd. USD) 2016 |
Ölkə ÜDM-sinin həcmi (mlrd. USD) 2016 |
Sığorta bazarının ÜDM-də payı (%-lə) 2016 |
Əhalinin sayı (mln. nəfər) 2016 |
Adambaşına düşən sığorta haqqının həcmi, USD 2016 |
1. ABŞ | 1320,0 | 18 036,6 | 7,32 | 324,1 | 4070 |
2. Yaponiya | 450,0 | 4 939,3 | 9,11 | 126,3 | 3560 |
3. Çin | 387,0 | 11 199,1 | 3,46 | 1 382,3 | 280 |
4. Böyük Britaniya | 320,0 | 2 618,9 | 12,22 | 65,1 | 4920 |
5. Fransa | 231,0 | 2 465,4 | 9,37 | 64,7 | 3570 |
6. Almaniya | 213,0 | 3 466,7 | 6,14 | 80,7 | 2640 |
7. İtaliya | 165,0 | 1 849,9 | 8,92 | 59,8 | 2760 |
8. Cənübi Koreya | 154,0 | 1 411,2 | 10,91 | 50,5 | 3050 |
9. Kanada | 115,0 | 1 529,7 | 7,52 | 36,3 | 3170 |
10.Hollandiya | 81,0 | 770,8 | 10,51 | 16,9 | 4790 |
Bu, o deməkdir ki, sığorta bazarının inkişaf etdiyi ölkələrdə, vətəndaşlar həm icbari sığorta növlərini böyük həvəslə alırlar, eyni zamanda könüllü sığorta məhsullarına da böyük maraq göstərirlər. Bunun nəticəsində hər bir vətəndaşın müxtəlif sığorta növləri üzrə daimi əsasda 8-10 və daha çox sığorta müqaviləsi qüvvədə ola bilir.
3. Bazarın inkişafına hansı alətlər daha effektiv təsir edə bilər? – Bu gün Azərbaycan sığorta bazarının inkişaf dinamikasına nəzər saldığımızda müəyyən durğunluq hiss olunmaqdadır. Xüsusilə, qeyri-həyat sığortası bazarında gerilmə müşahidə olunur. Belə bir qənaətə gəlmək mümkündür ki, yeni bazarların yaradılması baş vermir və yeni müştərilərin cəlb olunması üçün aktivlik yoxdur. Əksinə olaraq, bazar üçün heç də xoş olmayan bir tendensiya yaranmaqdadır, sığorta şirkətləri bir-birindən müştəriləri “oğurlamaga” can atırlar, hətta eyni şirkət üçün çalışan sığorta agentləri belə, bir-birindən müştəri “ogurluguna” meyillidirlər. Deyilənlər onun nəticəsidir ki, sığorta şirkətlərinin böyük əksəriyyəti uzun müddətli strategiya qurmaq və gələcək inkişafı düşünmək əvəzinə, müvəqqəti və asan yollarla başa gələn maliyyə stabilliyinə daha üstünlük verirlər. Bu tendensiyanı aradan qaldırmaq və bazarı inkişaf etdirmək üçün həm bütün sığorta şirkətləri, eyni zamanda requlyator orqan bütün qüvvəsini səfərbər etməlidir. Bu tədbirlər sırasında aşagıdakıları həyata keçirmək mümkündür;
Orta məktəblərdə və digər tədris müəssisələrində sığortanın faydasının və sığorta məhsullarının kütləvi təbliğatının təşkili,
Ali məktəblərdə sığortanın bir fənn olaraq tədrisinin genişləndirilməsi və sığortanın kütləvi təbligatının təşkili,
Aktiv tələbə və gənclər təşkilatlarının dəstəyi ilə sığortanın kütləvi təbligatının təşkili,
Yerli bələdiyyə və icra orqanlarının dəstəyi ilə əhalinin sığorta barəsində kütləvi maarifləndirilməsi,
Televiziya və radio kanallarında uzunmüddətli maarifləndirici proqramların yaradılması,
Sosial media və internet portallarında sığortanın aktiv təbliğatının təşkili və bu kimi müxtəlif tədbirlərin müntəzəm şəkildə təşkil olunması yeni bazarların yaradılmasına və yeni müştəri bazasının formalaşmasına təkan verə bilər.
Hesab edirəm ki, sığorta şirkətləri bu barədə çox ciddi şəkildə düşünməlidirlər və öz biznes strategiyalarında yeni bazarların yaradılması üzrə tədbirlərə xüsusi önəm verməlidirlər. Bu addım yerli bazarın iştirakçıları üçün gecikmiş olsa da, bazarın inkişafı üçün həyata keçirələcək istənilən tədbir hər bir vaxt bəhrəsini verə bilər.
Pərviz Quliyev, MBA
Beynəlxalq Daxili Auditorlar İnstitutunun üzvü,
Azərbaycan Bank Tədris Mərkəzinin eksperti