Azərbycanın aparıcı qeyri-bank təşkilatlarından olan “TBC KREDİT" Bank Olmayan Kredit Təşkilati” MMC 2024-cü il üzrə hesabatını açıqlayıb.
FED.az xəbər verir ki, ötən il BOKT-un gəlirləri artıb, mənfəətlə işləyir.
Hesabata əsasən, 2024-cü ildə “TBC KREDİT BOKT”un faiz gəlirləri 10%-dən çox artaraq 4 milyon 35 min manata yüksəlib. Xatırladaq ki, 2023-ün sonuna BOKT-un faiz gəlirləri 3,6 milyon manat idi.
Ötən il şirkətin gəlirləri ilə yanaşı, xərcləri də artıb. Belə ki, işçi heyəti il bağlı xərclər 25% artaraq 2,5 milyon manata yüksəlib. Ümumi inzibati xərclər isə 20%-dən çox artaraq 917 min manatdan 1 milyon 128 min manata qalxıb.
Daha 372 min manatı isə “TBC KREDİT BOKT” mümkün zərərlərdən qorunmaq üçün ehtiyatlara ayırıb.
Nəticədə, şirkətin mənfəət vergisi ödəməmişdən əvvəlki mənfəəti 225 min manat olub. 154 min manat mənfəət vergisi ödənişindən sonra “TBC KREDİT BOKT” 2024-cü ili 71 min manat xalis mənfəətlə tamamlayıb.
2024-cü ilin sonuna “TBC KREDİT BOKT”-in cəmi aktivləri 13,8 milyon manat təşkil edib. Bunun 9,2 milyon manatı kredit portfeli, 1,2 milyon manatı hesabdakı vəsaitlərdir. Daha 2,3 milyon manat isə maliyyə iarələri təşkil edir.
Şirkətin əmlak və avadanlıqları 292 min manat, satış üçün saxlanılan aktivlər isə 332 min manatdır.
2024-cü il “TBC KREDİT BOKT” üçün öhdəliklərinin böyük hissəsini bağlaması ilə yadda qalıb. BOKT bu dövrdə öhdəliklərini 8,8 milon manatdan 2 milyon manata endirərək təqribən 4 dəfə azaldıb.
Xüsusilə “TBC KREDİT BOKT”nun banklar qarşısındakı borcları 4 dəfə azalaraq 5,5 milyondan 1,4 milyon manata düşüb.
Eyni zamanda “TBC KREDİT BOKT” 2024-cü ildə özünün 2 milyon manatlıq borc qiyməti kağızlarını – istiqrazlarını bağlayıb.
Şirkətin kapitalında isə dəyişiklik yoxdur - nizamnamə kapitalı 8,5 milyon manat, cəmi kapital isə 11,8 milyon manatdır.
“TBC KREDİT Bank olmayan Kredit Təşkilati” MMC 2024-cü il üzrə hesabatı: