“REGİONAL” Bank Olmayan Kredit Təşkilatı və Epoint onlayn ödənişlər platforması arasında əməkdaşlıq sazişi bağlanılıb.
FED.az xəbər verir ki, “REGİONAL” BOKT bu platformaya qoşulmaqla öz müştərilərinin kredit ödənişlərini onlayn şəkildə etməklə onlara vaxt qənaəti üçün imkan yaradacaq. Müştərilər bu alət vasitəsi ilə 24/7 rejimində məhsul və ya xidmətlər üçün təhlükəsiz ödəniş edə biləcəklər.
Epoint Apple Pay və Google Pay dəstəyi ilə müştərilərdən bu populyar ödəniş sistemləri vasitəsilə ödənişləri qəbul etməyə imkan verir. Bu ödəniş üsulları yüksək təhlükəsizlik və rahatlıq təmin edir, müştəri etibarını artırır. Eyni zamanda elektron pulqabı ilə də ödənişlər mümkün olacaq. Bu tədbir “REGİONAL” BOKT-un strateji baxışında əks olunmuş prinsiplərə əsaslanaraq öz müştərilərinə xidmətləri tez, asan və əlçatan şəkildə çatdırmaq istiqamətində daha bir addım irəli getməyə imkan yaradacaq.
Qeyd edək ki, “REGİONAL” BOKT MMC 2014-cü ildə təsis edilib və Mərkəzi Bankın lisenziyası əsasında fəaliyyət göstərir. Şirkət təminatlı və təminatsız mikrokreditrlərin, istehlak və digər kreditlərin verilməsi, habelə “Bank Olmayan Kredit Təşkilatları haqqında” Azərbaycan Respublikasının qanununda nəzərdə tutulmuş digər fəaliyyət növləri ilə qanunvericiliyə müvafiq qaydada məşğul olur. BOKT-nın əsas prioriteti müştərilərlə uzunmüddətli əməkdaşlıq əlaqələrini qoruyaraq, onların sayını və göstərilən xidmətlərin keyfiyyətini daha da yüksək həddə çatdırmaq, artan xətt üzrə şəffaf və sağlam biznes əlaqələrini qurmaqdır.