“REGİONAL” Bank Olmayan Kredit Təşkilatı 2025-ci ilin 1-ci rübünün yekunlarını açıqlaylb.
FED.az biznes xəbər portalına verilən məlumata əsasən, rüb ərzində gəlirlər 421,9 min AZN, xərclər 372,2 min AZN, mənfəət isə 49,7 min AZN təşkil etmişdir. Ötən ilin eyni dövründə BOKT-nın mənfəəti 23,9 min manat olub ki, bu da illik müqayisədə 108,8% artımdır. İlin əvvəlindən kredit portfeli 4,5 % artaraq 4,4 milyon manata çatmışdır.
AR Mərkəzi Bankının cari ilin fevral ayında qüvvəyə minmiş “Bank olmayan kredit təşkilatlarının fəaliyyətinin prudensial tənzimlənməsi Qaydası” və “Bank olmayan kredit təşkilatlarında kredit risklərinin idarə edilməsi Qaydası”na əsasən “REGİONAL” BOKT öz nizamnamə kapitalını 500,0 min manatdan 1,1 milyon manata çatdırmışdır. Kredit portfelinin təsnifləşdirilməsinə uyğun müvafiq qaydada xüsusi ehtiyatlar yaradılmışdır ki, bu da şirkətin dayanıqlığının artırılmasına yönəlmiş addımlardandır.
«REGİONAL» BOKT MMC 2014-cü ildə təsis edilmişdir və Azərbaycan Respublikası Mərkəzi Bankının lisenziyası əsasında fəaliyyət göstərir. Şirkət mikrokreditrlərin, istehlak və digər kreditlərin verilməsi, habelə “Bank Olmayan Kredit Təşkilatları haqqında” Azərbaycan Respublikasının qanununda nəzərdə tutulmuş digər fəaliyyət növləri ilə qanunvericiliyə müvafiq qaydada məşğul olur. BOKT-nın əsas prioriteti müştərilərlə uzunmüddətli əməkdaşlıq əlaqələrini qoruyaraq, onların sayını və göstərilən xidmətlərin keyfiyyətini daha da yüksək həddə çatdırmaq, artan xətt üzrə şəffaf və sağlam biznes əlaqələrini qurmaqdır.