Azərbaycanın qeyri-bank maliyyə sektorunun aktiv iştirakçılarından olan "Regional" BOKT 2024-cü il üzrə maliyyə nəticələrini açıqlayıb.
FED.az qurumun illik hesabatına istinadən xəbər verir ki, hesabat ilində BOKT sürətlə böyüyüb, gəlirləri kəskin artıb və mənfəətlə işləməyə başlayıb.
"Regional" BOKT 2024-cü ili 191,8 min manat xalis mənfəətlə tamamlayıb. Qeyd edək ki, 2023-cü ildə 197,5 min manat olmuşdu.
"Regional" BOKT 2024-cü il üzrə 1 milyon 88 min manat faiz gəliri əldə edib. Gəlirlər 2023-cü il üzrə müqayisədə 544,7 min manat, başqa sözlə 2 dəfə artıb.
Faiz xərcləri təxminən 528,1 min manata bərabər olub, ki, bu da illik müqayisədə 265,4 min manat (2 dəfə) artım deməkdir.
Nəticədə xalis faiz gəlirləri təqribən 2 dəfə artaraq 560 min manata bərabər olub.
Faiz xərclərinin 309 min manatı digər alınmış kreditlər üzrə faiz xərcləridir. Bu 2023-cü ilə nisbətən 171 min manat (2,2 dəfə) artıb. Qiyməli kağızlar üzrə faiz xərcləri 22,5 min manat (21,2%) artaraq 129 min manata yaxınlaşıb. Digər faiz xərcləri isə 72 min manat (5 dəfə) artımla 90 min manata yüksəlib.
Hesabat dövründə "Regional" BOKT-nın qeyri-faiz gəlirləri 151 min manata bərabər olub. Bu da il ərzində 82 min manat və ya 2,2 dəfə artım deməkdir.
Qeyri-faiz xərcləri isə 151,4 min manat (31,2%) artımla 637,1 min manata yüksəlib.
2024-cü ildə "Regional" BOKT-un əmək haqqı xərcləri 100 min manat artaraq 438 min manata yüksəlib. 96,1 min manatı digər və inzibati xərclər, 103,3 min manatı digər xərclərdir. Son bir il ərzində inzibati xərclər 43 min manat (82%) artıb.
Ümumilikdə 2024-cü ildə "Regional" BOKT-un cəmi gəlirləri 710 min manat, cəmi xərcləri 637 min manat olub. Nəticədə şirkətin cəmi gəlirləri 73 min manat təşkil edib. Daha 118,8 min manat isə Xüsusi ehtiyat fonduna ayırmalardan daxil olub.
Nəticədə 2024-cü ildə şirkətin illik xalis mənfəəti 197,8 min manata yüksəlib. Xatırladaq ki, "Regional" BOKT 2023-cü ili 191 min manat zərərlə tamamlamışdı.
"Regional" BOKT ötən ilin sonuna 4 milyon 642 min manat cəmi aktivlərə malik olub. Bu, illik müqayisədə 1 milyon 481 min manat (47%) çoxdur. BOKT-un əsas gəlir mənbəyi - kredit portfeli 1 milyon 480 min manat (55%) artaraq 4 milyon 176 min manata yüksəlib.
Öhdəliklər isə 4 milyon 132 min manata bərabər olub ki, bu da illik müqayisədə 1 milyon 289 min manat (45%) çoxdur. 2024-cü ildə "Regional" BOKT maliyyə sektorundan 1 milyon manatdan artıq yeni vəsait cəlb edib. Eləcə də qiymətli kağızların buraxılışını artırıb və bu maddə üzrə öhdəlikləri 675 min manatdan 900 min manata yüksəlib.
2024-cü ildə mənfəətə çıxması "Regional" BOKT-un kapital mövqeyini də yaxşılaşdırıb. Belə ki, BOKT-un nizamnamə kapitalı 500 min manatdır, amma əvvəlki ilə zərərlə işlədiyinə görə, kapitalda əvvəlki illərin zərəri olduğundan kapital 318 min manata enmişdi.
2024-cü ildəki uğurlu nəticələrdən sonra isə əldə edilən xalis mənfəət, kapitaldakı zərəri tamamilə «təmizləyib» və cəmi kapitalın həcmi (60% artım) nizamnamə kapitalını da keçərək 510 min manata yüksəlib.