Azərbaycanın qeyri-bank sektornunun aparıcı iştirakçılarından olan "Kəpəz BOKT" MMC 2024-cü ili uğurlu nəticələrlə tamamlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı, şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, hesabat dövründə "Kəpəz BOKT" MMC-nin özü və kredit portfeli böyüyüb, gəlirləri və mənfəəti isə artıb.
Hesabata əsasən 2024-ci ildə "Kəpəz BOKT" MMC-nin faiz gəlirləri 823 min manat və ya 23% artaraq 4 milyon 402 min manata yüksəlib. Bu dövrdə faiz xərcləri isə cəmi 3% artaraq 874 min manat olub.
Nəticədə BOKT 2024-cü ili 3 milyon 528 min manat xalis faiz gəliri ilə başa vurub (30% artım). Bu məbləğin 223 min manatı dəyərsizləşmə üzrə ehtiyat kimi ayrılıb. Yeri gəlmişkən, 2023-cü illə müqayisədə dəyərsizləşmə ehtiyatı kimi ayrılan məbləğ azalıb – bu göstərici BOKT-un aktivlərinin və kredit portfelinin daha sağlam olduğunu göstərir.
Bundan əlavə BOKT digər gəlirlər qismində 432 min manatlıq əlavə gəlir əldə edib (50% artım).
Nəticədə BOKT-un illik əməliyyat gəlirləri 3 milyon 737 min manat olub. Bu 2023-cü illə müqayisədə 1 milyon manat artıqdır.
2024-cü ildə "Kəpəz BOKT" MMC-nin fəaliyyətini genişləndirməsi nəticəsində inzibati xərcləri də artıb, bu xərclər 2023-cü illə müqayisədə 36% artaraq 1,4 milyon manata çatıb.
Nəticədə şirkətin vergidən əvvəlki mənfəəti 2 milyon 339 min manat təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 35% artıqdır.
482 min manat mənfəət vergisi ödənişindən sonra "Kəpəz BOKT" MMC 2024-cü ili 1 milyon 857 min manat xalis mənfəətlə tamamlayıb. Əvvəlki illə müqayisədə, xalis mənfəət təqribən 33% artıb.
"Kəpəz BOKT" MMC-nin sürətli böyüməsi 2024-cü ildə də davam edib. Ötən il BOKT-un aktivləri 2,3 milyon manat və ya 24% artaraq 9,8 milyon manatdan 12,1 milyon manata yüksəlib.
Aktivlərin əkisər bəndlərində artım baş verib, əsas yeri şirkətin kredit portfelinin böyüməsi tutur.
Belə ki, 2024-cü ildə "Kəpəz BOKT" MMC-nin kredit portfeli 1,7 milyon manat və ya 18% artaraq 9 milyon manatdan 10,7 milyon manata yüksəlib.
Ötən il şirkətin əsas vəsaitlərinin dəyəri 4 dəfədən çox artaraq 350 min manata, ilin sonuna pul vəsaitləri isə 2,5 dəfə artaraq 325 min manata çatıb.
2024-cü ildə "Kəpəz BOKT" MMC-nin öhdəlikləri təqribən 500 min manat artaraq 6 milyon 792 min manat olub. Bu dövrdə şirkət kredit portfelini böyütmək üçün vəsait cəlbini artırıb. Belə ki, müddətli borc öhdəlikləri 300 min manatdan çox artaraq 1,7 milyon manata yaxınlaşıb, səhmdarlar qarşısında olan borc öhdəlikləri isə 664 min manat çatıb.
Eyni zamanda "Kəpəz BOKT" MMC ötən il istiqrazlar üzrə öhdəliklərini 464 min manat azaldaraq 4,6 milyon manatdan 4,1 milyon manata endirib.
2024-cü ildə "Kəpəz BOKT" MMC-nin kapitalı 1,86 milyon manat və ya 55% artaraq 5,3 milyon manata yüksəlib. Davamlı artımlar nəticəsində son 2 ildə BOKT-un kapitalı təqribən 2,5 dəfə böyüyüb ki, bu da qurumun maliyyə dayanıqlığının ciddi şəkildə artması deməkdir.
Ötən il kapitalının strukturunda da mühüm dəyişiklik baş verib- şirkətin bölüşdürülməmiş mənfəəti 2 dəfədən çox artaraq 3,3 milyon manatı keçib. Başqa sözlə, ilk dəfə olaraq "Kəpəz BOKT" MMC-nin kapitalında bölüşdürülməmiş mənfəətin həcmi səhmdarların yatırdığı ilkin kapitalı üstələyib.