Azərbaycanın apacı maliyyə - kredit təşkilatlarından olan "Finex Kredit" BOKT ASC regionlarda maliyyə xidmətlərinin əlçatanlığının artırılması və sahibkarlığın inkişafına dəstək strategiyası çərçivəsində Gəncə şəhərində və Tovuz rayonunun Qovlar şəhərində yeni filiallarını istifadəyə verib.
FED.AZ xəbər verir ki, yeni filialların fəaliyyətə başlaması Gəncə şəhəri, Qovlar şəhəri və ətraf yaşayış məntəqələrində yaşayan vətəndaşların, eləcə də mikro, kiçik və orta sahibkarlıq subyektlərinin müasir maliyyə xidmətlərinə daha operativ və rahat çıxış imkanlarını genişləndirəcək. Filiallarda biznes kreditləri, istehlak kreditləri və şirkətin təqdim etdiyi digər maliyyə xidmətləri yüksək xidmət standartlarına uyğun şəkildə göstəriləcək.
"Finex Kredit" BOKT ASC-nin Müşahidə Şurasının sədri Sevinc Qurbanovanın sözlərinə görə, yeni filialların istifadəyə verilməsi şirkətin dayanıqlı inkişaf strategiyasının və regionlarda maliyyə inklüzivliyinin artırılması istiqamətində həyata keçirdiyi fəaliyyətin mühüm tərkib hissələrindən biridir:
"Gəncə və Qovlar şəhərlərində yeni filiallarımızın fəaliyyətə başlaması 'Finex Kredit' BOKT ASC-nin ölkə üzrə xidmət şəbəkəsinin genişləndirilməsi istiqamətində atdığı növbəti strateji addımdır. Biz inanırıq ki, maliyyə xidmətlərinin əlçatanlığı yalnız biznesin inkişafına deyil, həm də insanların rifahına, məşğulluğun artmasına və regionların iqtisadi potensialının daha səmərəli reallaşdırılmasına xidmət edəcək. Məqsədimiz hər bir müştərinin etibarlı maliyyə tərəfdaşı olmaq, sahibkarlıq təşəbbüslərini dəstəkləmək və müasir, şəffaf, çevik maliyyə həlləri təqdim etməklə ölkəmizin iqtisadi inkişafına davamlı töhfə verməkdir."
S.Qurbanova onu da qeyd edib ki, "Finex Kredit" BOKT ASC fəaliyyətini korporativ idarəetmənin qabaqcıl prinsipləri, şəffaflıq, məsuliyyətli maliyyələşdirmə və yüksək xidmət keyfiyyəti əsasında qurub. “Şirkətimizin əsas prioritetlərindən biri regionlarda maliyyə xidmətlərinin əlçatanlığını artırmaq, müştərilərə daha yaxın olmaq və onların maliyyə ehtiyaclarına çevik həllər təqdim etməkdir”, - deyə Müşahidə Surasının sədri vurğulayıb.
Qeyd edək ki, yeni filialların açılması ilə "Finex Kredit" BOKT ASC-nin xidmət şəbəkəsi daha da genişlənir və şirkətin ölkənin müxtəlif bölgələrində fəaliyyətinin gücləndirilməsi istiqamətində həyata keçirdiyi strategiya ardıcıl şəkildə davam etdirilir. BOKT bundan sonra da innovativ yanaşmaları, peşəkar komandası və məsuliyyətli fəaliyyəti ilə regionlarda sahibkarlığın inkişafına, maliyyə əlçatanlığının artırılmasına və ölkənin sosial-iqtisadi inkişafına töhfə verməyə davam edəcək.





!["Finex Kredit" BOKT xidmət şəbəkəsini genişləndirir - [red]GƏNCƏ VƏ QOVLAR FİLİALLARI AÇILDI[/red] | FED.az](/upload/news/small/4663284.jpg)
!["Finex Kredit" BOKT xidmət şəbəkəsini genişləndirir - [red]GƏNCƏ VƏ QOVLAR FİLİALLARI AÇILDI[/red] | FED.az](/upload/news/small/2025873.jpeg)
!["Finex Kredit" BOKT xidmət şəbəkəsini genişləndirir - [red]GƏNCƏ VƏ QOVLAR FİLİALLARI AÇILDI[/red] | FED.az](/upload/news/small/3377262.jpg)
!["Finex Kredit" BOKT xidmət şəbəkəsini genişləndirir - [red]GƏNCƏ VƏ QOVLAR FİLİALLARI AÇILDI[/red] | FED.az](/upload/news/small/47324.jpg)







