Azərbaycanın aparıcı bank olmayan kredit təşkilatı "City Finance BOKT" MMC 2023-cü ili mənfəətlə başa vurub.
FED.az biznes və maliyyə xəbərləri portalı BOKT-un hesabatına istinadən xəbər verir ki, 2023-cü ildə "City Finance BOKT"un faiz gəlirləri 731 min manat və ya 13% artaraq 6,25 milyon manat təşkil edib.
BOKT-un faiz xərcləri isə təqribən 2 dəfə artaraq 322 min manata çatıb. Nəticədə "City Finance BOKT" 2023-cü ili təqribən 6 milyon manat xalis faiz gəliri ilə başa vurub.
BOKT bu dövrdə gözlənilən kredit zərərləri üzrə 782 min manat ehtiyat ayırıb.
"City Financa BOKT" 2023-cü ildə böyüyüb, bu proses BOKT-un il ərzində təqribən 30% artaraq 1,8 milyon manata çatan inzibati xərclərində özünü büruzə verib.
BOKT-un aktivliyinin daha bir göstəricisi olan haqq və komissiya xərcləri isə təqribən 2 dəfə artaraq 136 min manata yüksəlib.
Nəticədə 2023-cü ilin sonuna "City Financa BOKT"un vergidən əvvəlki mənfəəti 3,24 milyon manata çatıb. 689 min manat mənfəət vergisi ödənişindən sonra BOKT-un 2023-cü il üzrə xalis mənfəəti 2,55 milyon manat təşkli edib.
2023-cü ildə "City Finance BOKT"un aktivləri 2,2% artaraq 25 milyon 580 min manata yüksəlib. Bu dövrdə BOKT-un gəlirlərinin əsas hissəsini təşkil edən kredit portfeli 500 min manat artaraq 24,2 milyon manata çatıb.
Ötən il "City Finance BOKT"ın maliyyəsində əsas dəyişikliklər öhdəlirlərin həcmində və strukturunda baş verib. Əvvəla BOKT ötən il öhdəliklərini 2 milyon manata yaxın azadlıb - ilin sonuna "City Finance BOKT"ın ümumi öhdəlikləri 14,9 milyon manatdan 12,9 milyon manata enib. Bu dövrdə BOKT əlaqəli tərəflər, yəni təsisçilər qarşısındakı öhdəliklərini 4 milyon manata yaxın azaldaraq 12 milyon manatdan 8,3 milyon manata endirib.
Əvəzində müddətli borc öhdəlikləri təqribən 2 milyon artaraq 1,9 milyon manatdan 3,9 milyon manata yüksəlib. 2023-cü ilin sonuna "City Finance BOKT" mənfəət vergisi öhdəliyini də 5 dəfə azaldaraq 440 min manatdan 82 min manata endirib.
Öhdəliklərin azalması və mənfəətlə işləməsi nəticəsində əldə edilən vəsait BOKT-un möhkəmləndirilməsinə - kapitalının artımına yönəldilib. Nəticədə 2023-cü ilin sonuna "City Finance BOKT"un cəmi kapitalı 2,5 milyon manat artaraq 10,1 milyon manatdan 12,7 milyon manata yüksəlib.