Azərbaycanın aparıcı qeyri-bank maliyyə təşkiatlarından olan «PARA» BOKT ASC 2023-cü il üzrə hesabatını açıqlayıb.
FED.az qurumun hesabatına istinadən xəbər verir ki, 2023-cü ildə «PARA» BOKT ASC-nin faiz gəlirləri 5 milyon 207 min manat, faiz xərcləri isə 1 milyon 127 min manat təşkil edib. Nəticədə təşkilatın xalis faiz gəlirləri 4 milyon 51 min olub.
Haqq və komissiya xərclərini, xarici valyuta ilə əməliyyatları və məzənnə fərqindən gəlirləri nəzərə alanda, «PARA» BOKT-un illik əməliyyat gəlirləri 4 milyon 71 min manat olub.
2023-cü ildə «PARA» BOKT ASC dəyərsizləşmə üzrə zərərə 3,8 milyon manat sərf edib. Hesabat dövründə BOKT-un işçi heyəti üzrə xərcləri 282 min manat, sair inzibati xərcləri isə 1 milyon manat olub.
Nəticədə BOKT 2023-cü ili 1 milyon 42 min manat xalis zərərlə tamamlayıb.
2023-cü ilin sonuna «PARA» BOKT ASC-nin aktivləri 21,1 milyon manat olub ki, onun da böyük hissəsi – xalis 12,1 milyon manatı kredit portfeli təşkil edir. Ötən ilin sonuna BOKT-un bina, avadanlıq və qeyri-maddi aktivlərinin həcmi 6,5 milyon manat təşkil edib.
İlin sonuna BOKT-da 1,3 milyon manat həcmində satıla bilən girov əmlakları olub.
2023-cü ildə «PARA» BOKT ASC öhdəliklərini 2,5 milyon manat azaldıb və 41,5 milyon manatlan 39 milyon manata endirib. Bundan 24,1 milyon manat bank və digər maliyyə qurumları qarşısındakı öhdəliklərdir.
Nəticədə 2023-cü ilin sonuna «PARA» BOKT ASC-nin kapitalı mənfi 17,9 milyon manat təşkil edib.