«MJ Financial Servises» bank olmayan kredit təşkilatı (BOKT) 2020-ci ilin nəticələrini açıqlayıb.
FED.az təşkiatın illik hesabatına istinadən xəbər verir ki, şirkət 2020-ci ili əvvəlki illə müqayisədə daha böyük zərərlə başa vursa da, əslində real fəaliyyətə 2020-ci ildə başlayıb.
Belə ki, 2020-ci ildə BOKT-un aktivləri 13 dəfəyə yaxın artaraq 290,5 min manatdan 3 milyon 721,6 min manata yüksəlib. Artım əsasən kredit portfelinin hesabına baş verib. Belə ki, 2019-cu ildə təşklatın kredit portfeli sıfıra bərabər olduğu halda 2020-ci ildə təşkilat 3,5 milyon manat kredit verib.
FED.az-ın əldə etdiyi məlumata görə, «MJ Financial Servises» BOKT-a kredit xəttini «Bank Avrasiya» ayırıb.
BOKT da faktiki olaraq bu xəttin sayəsinə normal fəaliyyətə başlayıb. Belə ki, dərhal BOKT-a işçi yığımı həyata keçirilib və onun işçilərinin sayı 6 nəfərdən 27 nəfərə yüksəlib.
Belə ki, 2019-cu ildə BOKT-un bütün aktivləri hesabdakı nağd vəsaitdən asılı idi, indi isə təşkilatın kredit portfeli ilə yanaşı, debitor borcları, əmlak və avadanlıqları da yaranıb.
Şirkətin böyük zərər açıqlaması da fəaliyyətə başlaması üçün xərclərlə bağlıdır.
Belə ki, 2019-cu ildə BOKT-un inzibati xərcləri təqriən 12 min manat (ayda orta hesabla 1000 manat) olduğu halda, 2020-ci ildə inzibati xərclər 291,3 min manat (ayda 24,2 min manat) təşkil edib.
Ayrılmış kredit xətti və fəaliyətə başlaması nəticəsində BOKT-un aktivləri ilə yanaşı, öhdəlikləri də kəskin böyüyüb.
Təşkilatın 2019-cu ilin sonunda sıfıra bərabər öhdəlikləri 2020-nin sonunda 3,7 milyon manata yüksəlib.
2020-ci ildə «MJ Financial Servises» BOKT-un faiz gəlirləri 139 min manat, faiz xərcləri 111 min manat, xalis faiz gəliri 28 min manat təşkil edib.
Kredit verməyə başlayan BOKT artıq kreditlər üzrə ehtiyatlar da yaratmağa başlayıb və 200-ci ildə bu məqsədlə 47,7 min manat ayrılıb.
Nətiədə ehtiyat ayırmalarından sonra xalis faiz gəlirləri 19,8 min manat olub.
2020-ci ildə BOKT-un ümumi və inzibati xərcləri 291,3 min manat olub. Nəticədə vergidən əvvəlki zərər 308 min manatı keçib.
Vaxtilə artıq ödənilmiş mənfəət vergisi gəlirini də əlavə edəndə BOKT-un xalis zərəri 246,5 min manat təşkil edib. Əvvəlki ilin zərərini də əlavə etdikdə yığılmış ümumi zərər 256 min manata yüksəlib.
Yığılmış zərər nəticəsində şirkətin cəmi kapitalı azalıb. «MJ Financial Servises» BOKT-un nizamnamə kapitalı 300 010 manat, əlavə ödənilən kapital 2 min manat idi, və 256 min manatlıq yığılan zərərdən sonra cəmi kapital 46 min manata enib.
Bu – BOKT-lar üçün nəzərdə tutulan minimumdan (300 min manat) xeyli aşağıdır.
Xatırladaq ki, «MJ Financial Servises» BOKT iki fiziki şəxsə - Camal Aydınov (70% səhm) və Mədət Rüstəmova (30% səhm) məxsusdur. Ötən ildən bəri paylar dəyişməyib. BOKT yalnız mebel alışı üçün kreditlər verir.