Azərbaycanda maliyyə vasitəçiliyi xidmətləri göstərən aparıcı təşkilatlardan olan «Legion Financial» ASC 2025-ci ilin ilk yarısı üzrə maliyyə nəticələrini açıqlayıb.
FED.az təşkilatın hesabatına istinadən xəbər verir ki, 2025-ci ilin yanvar-iyun aylarında «Legion Financial» ASC böyüyüb, onun gəlirləri və mənfəəti kəskin artıb.
Beləliklə, 2025-ci ilin ilk 6 ayında «Legion Financial» ASC-nin faiz gəlirləri 1 milyon 760 min manat, faiz xərcləri isə 760 min manat təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə faiz gəlirləri 930 min manat və ya 2,1 dəfə, faiz xərcləri isə 520 min manat və ya 3,2 dəfə artıb.
Nəticədə 6 ay ərzində şirkətin xalis faiz gəliri ilk dəfə olaraq 1 milyon manatı keçib. Müqayisə üçün bildirək ki, 2024-cü ilin ilk 6 ayında şirkətin faiz gəlirləri 600 min manatdan az idi.
Hesabat dövründə «Legion Financial» ASC-in digər gəlirləri 81 min manat, inxibati xərcləri isə 154 min manat təşkil edib. Yeri gəlmişkən, inzibati xərclər əvvəlki ilin eyni dövrünə nisbətən 3 dəfədən çox artıb.
Nəticədə «Legion Financial» ASC-in vergidən əvvəlki mənfəəti 927 min manat olub. Bunun 194 min manatını mənfəət vergisi kimi ödədikdən sonra şirkətin xalis mənfəəti 733 mi n manat təşkil edib. Bu əvvəlki ilin eyni dövrünə nisbətən 254 min manat və ya 50% artıqdır.
2025-ci ildə «Legion Financial» ASC böyüməkdə davam edib. Şirkətin aktivləri ötən ilin eyni dövrünə nisbətən 2 dəfədən çox artaraq 8,3 milyon manatdan 19 milyon manata yüksəlib.
Bu ilin ilk 6 ayının sonuna «Legion Financial» ASC-nin maliyyə lizinqi üzrə alacaqları, yəni sadə desək, kredit portfeli 11,1 milyon manat təşkil edib. Ötən il bu göstərici 6,9 milyon manat idi – 4,2 milyon manat və ya 60%-lik artım.
Bundan başqa, 2025-ci ildə «Legion Financial» ASC 4,25 milyon manatlıq kredit portfeli satın alıb. 2,9 milyonluq isə investisiya mülkiyyəti yaranıb.
Bu il «Legion Financial» ASC-nin aktivləri kimi öhdəlikləri də böyüyüb. Ötən ilin eyni dövründə cəmi 4,7 milyoğn manat olan öhdəliklər 10 milyon manat artaraq indi 14,7 milyon manata yüksəlib. Bunun 1,8 milyon manatını səhmdarlardan alınan borclar, təqribən 11 milyon manat isə digər şəxslərdən alınan borclar təşkil edir.
Bunlardan əlavə «Legion Financial» ASC-nin təqribən 1 milyon manatlıq istiqrazları da var.
Şirkət son bir ildə kapital mövqeyini də gücləndirib - «Legion Financial» ASC-nin cəmi kapitalı yarım milyon manat artaraq 4 milyon 383 min manata yüksəlib. Bunun 3 milyon 650 min manatı nizamnamə kapitalıdır – hansı ki, son bir ildə yarım milyon manat yüksəlib. Kapitaldakı 733 min manat vəsait isə şirkətin bu ilki xalis mənfəətidir.