"İlk dəfə istiqraz buraxan bank olmayan kredit təşkilatı (BOKT) tərəfindən birinci növbədə, məlumatların açıqlanması vacibdir. İnvestor BOKT-u tanımalı, onun fəaliyyəti barədə məlumat əldə etməli və şəffaflığını qiymətləndirməlidir. Yalnız bundan sonra investor həmin BOKT-un, daha doğrusu, emitentin qiymətli kağızlarına maraq göstərə bilər".
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-nin baş icraçı direktoru İsi Mustafayev Bakıda keçirilən 12-ci Mikromaliyyədə İnvestisiya və Dayanıqlı İnkişaf Konfransında deyib.
Onun sözlərinə görə, ikinci əsas məsələ investor bazasının formalaşdırılmasıdır:
"Məsələn, biz anderrayter olaraq ilk növbədə nə edirik? Emitent və ya BOKT hər hansı qiymətli kağızı bazara buraxmazdan əvvəl həmin kağızın parametrləri barədə investorlarımızı məlumatlandırırıq və bazarda ona olan ilkin marağı öyrənirik. Əgər bazarın təklif olunan həcmin təxminən 80%-nə maraq göstərdiyini görürüksə, növbəti mərhələyə keçərək qiymətli kağızın buraxılışını həyata keçiririk.
Çünki ilk dəfə emissiya həyata keçirən BOKT üçün əsas məqsəd sadəcə pul cəlb etmək deyil. Əsas məqsəd uğurlu yerləşdirməyə nail olmaq və bununla da müsbət tarixçə formalaşdırmaqdır. Müsbət tarixçə yarandıqdan sonra növbəti mərhələlərdə, sonrakı yerləşdirmələr zamanı həmin emitentin qiymətli kağızlarını daha uğurla bazara çıxarmaq mümkün olur".
"Digər mühüm amil isə zəmanət məsələsidir. Emitentə zəmanət verildikdə və ya onun qiymətli kağızları üzrə bank zəmanəti olduqda, bu da yerləşdirmənin uğurlu keçməsinə təsir edən əsas amillərdən biridir.
Reytinq məsələsinə gəldikdə isə, düşünürəm ki, bu amil sonrakı mərhələlərdə daha çox əhəmiyyət qazanır. Bu mövzuda müəyyən fikirlər səsləndirildi. Mənim şəxsi fikrim ondan ibarətdir ki, hazırda bəzi institusional investorlar, iri banklar və digər böyük investorlar daha çox beynəlxalq reytinq agentliklərinin, məsələn, S&P və Fitch-in qiymətləndirmələrinə istinad edirlər.
Lakin bu beynəlxalq reytinq agentliklərinin verdiyi reytinqlər daha çox beynəlxalq bazarlarda yerləşdirilən qiymətli kağızlar üçün nəzərdə tutulur. Əgər investorlar və yerləşdirmələr ölkə daxilindədirsə, düşünürəm ki, yerli reytinqlərə istinad etmək daha məqsədəuyğun olardı.
Hətta müşahidə edirik ki, bir sıra institusional investorların öz daxili reytinq sistemləri var. Onlar həmin sistemə uyğun olaraq hansı emitentin qiymətli kağızlarını almaq barədə qərar verirlər", - deyə o, əlavə edib.
İcraçı direktor qeyd edib ki, Mərkəzi Bank da artıq bu istiqamətdə müəyyən işlərə başlayıb və ölkə daxilində reytinq sisteminin formalaşdırılması prosesi gedir:
"Bu proses yekunlaşdıqdan və yerli emitentlərə reytinqlər verilməyə başlandıqdan sonra həmin qiymətləndirmələr həm fərdi, həm də institusional investorlar üçün mühüm istinad nöqtəsinə çevriləcək".














