«FİNEX KREDİT» BOKT ASC 2023-cü il üzrə fəaliyyətinin nəticələrini elan edib.
FED.az qurumun hesabatına istinadən xəbər verir ki, 2023-cü ildə «FİNEX KREDİT» BOKT un gəlirləri kəskin artıb, təşkilat zərərdən mənfəətə keçib.
Hesabata əsasən, 2023-cü ildə «FİNEX KREDİT» BOKT-un faiz gəlirləri 120 min manat və ya 15% artaraq 920 min manata yüksəlib. Faiz xərcləri isə əksinə, 3 dəfədən çox azalaraq 510 min manatdan 147 min manata düşüb. Nəticədə təşkilatın xalis faiz gəlirləri 1 il əvvəlki 300 min manatla müqayisədə 2 dəfədən çox artaraq 773 min manata sıçrayıb.
Bundan başqa, əvvəlki illərdə kredit riskləri üzrə mümkün zərərlər üzrə yaradılan ehtiyatlardan 34,7 min manat geri çəkilib. Halbuki, 2022-də BOKT məhz bu məqsədlə 191 min manatı ehtiyat kimi kənara ayırmalı olmuşdu. Bu dəyişiklik «FİNEX KREDİT» BOKT-un kredit portfelinin sağlamlaşdığını göstərir.
2023-cü ildə BOKT-un qeyri-faiz xərcləri təqribən 800 min manat olub. Bundan 778 min manatı inzibati və əmək haqqı xərclərinə, 20 min manat isə haqq və komissiya xərclərinə sərf edilib.
Vergilərdən əvvəl formalaşan 5200 mimanat xalis mənfəətin 1100 manatı mənfəət vergisinə sərf edilib, nəticədə «FİNEX KREDİT» BOKT 2023-cü ili 4,1 min manat xalis mənfəətlə tamamlayıb.
Xatırladaq ki, BOKT 2022-ci ili böyük – 644 min manat zərərlə tamamlamışdı.
2023-cü ilin yekununda «FİNEX KREDİT» BOKT-un aktivləri 3 milyon 940 min manat olub, bunun 2,8 milyon manatı müştərilərə verilən kreditlərdir.
Şirkətin öhdəlikləri isə 3,2 milyon manat olub. Ötən il «FİNEX KREDİT» BOKT səhmdarları qarşısındakı borcların böyük hissəsini – 3 milyon manatını ödəyərək 3,8 milyon manatdan 800 min manata endirib. BOKT həmin vəsaitlərin bir hissəsini qiymətli kağızlar bazarı vasitəsilə – borc qiymətli kağızları ilə əvəz edib. Nəticədə borc kağızlarının həcmi 4 dəfə artaraq 1,2 milyon manata yüksəlib.
2023-cü ildə «FİNEX KREDİT» BOKT-da baş verən əsas dəyişiklik – cəmi kapital probleminin həll edilməsidir. 2022-ci ilin sonuna BOKT-un yığılmış zərərləri onun 800 min manatlıq nizamnamə kaitalını «əridərək» 43 min manatadək azaltmışdı. 2023-cü ildə isə səhmdarların yatırımları sayəsində nizamnamə kapitalı 1 milyon 494 min manata yüksəlib və nəticədə BOKT-un cəmi kapitalı 741 min manata yüksələrək «yaşıl zona»ya keçib.