Azərbaycanda mütəşəkkil qruplar tərəfindən kredit dələduzluğu halları genişlənir.
Bank adından gələn zənglərə qarşı - DİQQƏTLİ OLUN
FED.az xəbər verirki, bir qədər əvvəl bankların adından saxta kredit təklifləri ilə vətəndaşlara qarşa edilən dələduzluq halları artıq qeyri-bank sektorunda da müşahidə edilir.
Artıq ölkədə vətəndaşlara telefon zəngi və ya bəzi sosial şəbəkələr vasitəsilə BOKT-lar adından kredit təklifləri başlayıb.
Belə kredit təşkilatlardan biri, ölkənin tanınmış Bank olmayan kredit təşkilatından (əsassız olaraq reputasiyasına zərər gəlməməsi üçün BOKT-un adı çəkilmir) məsələ ilə bağlı FED.az-a müraciət edib.
Müraciətdə bildirilir ki, son 2-3 gündə bəzi vətəndaşlar sözügedən BOKT-a müraciət edərək onlara kredit vəd edildiyini və buna görə xidmət haqqı da ödədiklərini bildirirlər.
BOKT tərəfindən aparılan ilkin araşdırma zamanı, vətəndaşların dələduzluq halı ilə rastlaşdığı və BOKT-un adı ilə aldadıldığı məlum olub. Məlum olub ki, vətəndaşların telefon nömrələrini əldə edən fırıldaqçılar özlərini BOKT nümayəndələri kimi qələmə verərək vətəndaşlara kredit vəd edib və bunun müqabilində xidmət haqqı tələb ediblər. Bəzi qrupların sosial şəbəkə – Tik-Tok və İnstagram üzərindən də vətəndaşlara saxta təkliflər etdiyi məlum olub.
Bəzi vətəndaşlar bu müraciətlərə inanaraq tələb edilən ödənişi yerinə yetiriblər.
BOKT tərəfindən bununla bağlı dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib. Hazırda araşdırma davam edir.
Maliyyə təşkilatı ölkə vətəndaşlarına belə müraciətlər edilərkən ehtiyatlı olmağı, ödəniş etməməyi və kart məlumatlarını paylaşmamağı tövsiyə edir.
BOKT bildirir ki, heç bir ciddi kredit təşkilatı kredit üçün ödənişi və ya komissiya haqqını əvvəlcədən tələb etmir. Komissiya haqqı yalnız kredit tam rəsmiləşdirildikdən sonra ödənilir.