Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyətinin tənzimlənməsi qaydalarına edilən dəyişikliklər yeni maliyyə məhsullarının hazırlanmasına şərait yaradacaq.
FED.az xəbər verir ki, bunu Azərbaycan Mikromaliyyə Assosiasiyasının Müşahidə Şurasının sədri Cəlal Əliyev Azərbaycan Maliyyə Forumunda bildirib.
Onun sözlərinə görə, BOKT-ların aktivləri 2024-cü ilin sonuna 1 milyard manat təşkil edib ki, bu da 2020-ci ilin göstəricisi ilə müqayisədə üç dəfədən çox, ötən illə müqayisədə isə 24 % çoxdur. C.Əliyev qeyd edib ki, 2025-ci ildə Mərkəzi Bankın kredit təşkilatlarının inkişafını dəstəkləməyə yönəlmiş yeni qaydaları sayəsində artımın davamlı olacağı gözlənilir.
Bundan əlavə, BOKT-ların nizamnamə kapitalı 2020-ci ildəki 141,4 milyon manatdan 2024-cü ilin sonuna 456,4 milyon manata yüksəlib. Sektorun xalis mənfəəti 231 milyon manat təşkil edib, verilən kreditlərin ümumi həcmi isə 800 milyon manatı ötüb.
"BOKT-ların fəaliyyətinin tənzimlənməsindəki dəyişikliklər maliyyə xidmətlərinin əlçatanlığının genişləndirilməsində mühüm rol oynayacaq, əlavə xidmətlərin göstərilməsi və innovativ kredit məhsullarının hazırlanması üçün yeni imkanlar yaradacaq", - sədr vurğulayıb.
O, həmçinin xatırladıb ki, 2024-cü ilin noyabr ayında Mərkəzi Bank BOKT-lar üçün prudensial tənzimləmə və kredit risklərinin idarə edilməsi qaydalarını təsdiqləyib.
"Bu tədbirlər təşkilatların dayanıqlığının artırılmasını, korporativ idarəetmənin təkmilləşdirilməsini və kreditləşmənin keyfiyyətinin yaxşılaşdırılmasını nəzərdə tutur", - C.Əliyev bildirib. (Report)